Beynəlxalq nüfuzumuz güclənməyə davam edirbackend

Ərəb Dövlətləri Liqası Azərbaycan üçün milli maraqların müdafiəsi və həqiqətlərin çatdırılması baxımdan mühüm beynəlxalq platformadır.
Məhz, ötən günlərdə təşkilatın sammitində respublikamızın iştirakı təmsil olunan dövlətlər ilə ölkəmiz arasındakı birliyi nümayiş etdirirdi. Eyni zamanda, bu, dostluq və qardaşlıq əlaməti idi. Bu mənada, Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var və təşkilatın Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisə idi.
Qeyd edək ki, Ərəb Dövlətləri Liqası 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir.
Asiya istiqaməti, Yaxın və Orta Şərq dövlətləri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Bu sırada ərəb dünyası ilə əlaqələrin inkişafı, əməkdaşlığın gücləndirilməsi daim diqqət mərkəzində saxlanılıb. Ortaq mədəni-mənəvi dəyərlər, tarixən mövcud olmuş əlaqələr müasir dövrdə Azərbaycanla ərəb dünyası arasında münasibətlərin daha da inkişafını şərtləndirib.Hazırda Azərbaycanla Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya, Misir və digər ərəb dövlətləri arasında müxtəlif sahələrdə yüksək qarşılıqlı əməkdaşlıq əlaqələri var. Təsadüfi deyil ki, həmin dövlətlər Azərbaycanı beynəlxalq məsələlərdə daim dəstəkləyir.
Azərbaycanın Ərəb Dövlətləri Liqası ilə xarici ticarət dövriyyəsi 2022-ci ilin 8 aylıq göstəricilərinə əsasən 570,8 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin 8 ayı ərzində Tunisə 408,4 milyon ABŞ dolları dəyərində xam neft ixrac edilib. Həmin ölkədən cəmi 4,2 milyon ABŞ dolları dəyərində idxal həyata keçirilib. Həyata keçirilən idxalın 30%-ni xurma təşkil edir. Qeyd edək ki, Ərəb Liqası Ölkələri ən çox xarici ticarət dövriyyəsinə malik olsa da bu dövr ərzində cəmi 4 əmtəə növü üzrə ticarət aparılıb.
Bu mənada, Azərbaycanın Liqa və onun üzvləri ilə əməkdaşlıq etməsi qarşılıqlı siyasi, geosiyasi və iqtisadi maraqlar baxımından olduqca əhəmiyyətlidir. Heç şübhəsiz ki, Prezident İlham Əliyev qalib və qüdrətli Azərbaycan dövlətinin rəhbəri kimi Ərəb Dövlətləri Liqasının Zirvə sammitində iştirak etdi və çıxış edərək dünyada terror, soyqırımı siyasəti yürüdən Fransa, Ermənistan kimi dövlətləri ifşa etdi. Azərbaycanın Ərəb Dövlətləri Liqasının Zirvə sammitində iştirakı həm də cənub sərhədlərimizdən təhdid dolu əsən “gilavarın” da təsirini neytrallaşdıran bir amilə çevrildi. Eyni zamanda, Azərbaycanın Zirvə sammitində iştirakı ərəb dövlətlərinin işğaldan azad olunmuş və hazırda bərpa olunan Qarabağa, Şərqi Zəngəzura sərmayə yatırmaq üçün bir çağırış imkanı oldu.

 Nəsimi rayon təhsil işçisi, pedaqoqÖzləm Əliyeva