Biləsuvarda təxliyə olunan üç kəndin sakinləri evlərinə qaytarılıblar – YENİLƏNİBbackend
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bolqarçay çayında Biləsuvar rayonunun bəzi kəndləri üçün qısamüddətli sel təhlükəsinin yaranması barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Nazirliyin Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Bölgədə əməliyyat şəraiti qiymətləndirilib və aparılan təhlillər nəticəsində ehtimal edilən sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğanlı kəndlərinin sakinlərinin təxliyəsi barədə qərar qəbul olunub.
FHN-in qüvvələri Biləsuvar Rayon İcra Hakimiyyəti, Biləsuvar Rayon Polis Şöbəsi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birlikdə adıçəkilən kəndlərin əhalisini təhlükəsiz əraziyə təxliyə ediblər.
Operativ olaraq Bolqarçay çayı üzərində sel təhlükəsi aradan qaldırıldıqdan sonra təxliyə olunmuş əhalinin yaşayış yerlərinə qaytarılması təmin olunub.
08:10
Biləsuvar rayonunda sel təhlükəsi artıb, iki kəndin əhalisi təxliyə olunub
Bu barədə “Report”un yerli bürosuna rayon sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, İranla sərhəddə yerləşən Bolqarçayda suyun səviyyəsi artıb.
Təhlükəsizlik məqsədilə rayonun Yuxarı Ağalı və Köhnə Əmənkənd kəndlərinin əhalisi təxliyə olunub.
Artıq gecədən aidiyyəti qurumlar müvafiq tədbirlər görürlər.
İlkin məlumata görə, köçürülmə ancaq təhlükəsizlik məqsədi daşıyır.