Biləsuvarın İsmətli kəndinin kanalı qurudu, sakinlər içməyə su tapmır – VİDEObackend
Hələ yay gəlməmiş Biləsuvar rayon İsmətli kəndinin sakinləri içməyə su tapmır.
Bu barədə Qaynarinfo-ya İsmətli kəndin sakinləri məlumat verib. Onların sözlərinə görə, kəndi su ilə təmin edən cəmi bir kanal var:
“Kəndin hardasa 5 min əhalisi var. Bütün əhali bu kanaldan istifadə edir. Kəndin içməli suyu ilə yanaşı, sakinlərin təsərrüfat sahələri də bu kanal vasitəsi ilə suvarılır. Elə bu səbəbdən də camaat susuz qalır. Kənd sakinləri təsərrüfatlarını suvarmaq üçün günlərlə kanalın ağzını bağlayır. Suvarma iki-üç gün də davam edə bilər. Həmin vaxt kənd sakinləri susuz qalır. Bundan əlavə, kanal çirkabdan görünmür. Su gəlməyən vaxtlarda Afrikadakı gölməçələrə bənzəyir. Kim əlinə nə gəldi, kanala atır. Kanal infeksiya mənbəyinə çevrilib”.
İsmətli kənd bələdiyyəsinin sədri Zaur Seyfiyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, kənd sakinləri bağlarını suvarmaq üçün kanalın ağzını müvvəqəti bağlayıb:
“Kanalda daima su olur. Kənddə cəmi bir kanal var. Oradan həm içməli su kimi istifadə olunur, həm də bağlar suvarılır. Sakinlərin bəzilərinin evi hündürdür, su çıxmır. Məhz bu səbəbdən də suvarma işləri aparan zaman kanalın ağzını bağlayırlar. Suvarma başa çatandan sonra isə açırlar. Bu da ay ərzində bir və iki dəfə olur. Bu məsələ rayon səviyyəsində də qaldırılıb. Qısa vaxt ərzində problem həllini tapacaq. Yarım saata kimi kanala su gələcək. Kəndin 4 min 600 nəfər əhalisi var”.