Bir çox dövlətlər regionla və Azərbaycanla  bağlı öz siyasətinə yenidən baxmaq  məcburiyyətindədirlərbackend

Artıq neçə illərdir ki, Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti olaraq hər kəs tərəfindən etiraf və qəbul olunur. Bu da təsadüfi deyil, Azərbaycanın ölkədə, regionda və dünyada apardığı uğurlu daxili və xarici siyasətdən irəli gəlir.

Regionda bu və ya digər şəkildə maraq güdən dövlətlər yaxşı dərk edir ki, Azərbaycanla hesablaşmadan burada hər hansı addım atmaq, hər hansı beynəlxalq layihəni reallaşdırmaq qeyri-mümkündür.

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

Xüsusilə 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan hətta BMT-nin 27 ildə həyata keçirə bilmədiyi qətnamələri reallaşdırmaq gücündədir və heç bir qüvvə öz haqqını tələb və tarixi ədaləti bərpa etmək məsələsində Azərbaycanın qarşısını almaq iqtidarında deyil. Çünki Azərbaycan bütün hərəkətlərində beynəlxalq hüquqa əsaslanır, öz Prezidentinin siyasi iradəsinə, iqtisadi və hərbi gücünə, xalqının milli həmrəyliyinə söykənir.

Bu günlərdə 28 May Respublika Günü münasibəti ilə xarici dövlət başçıları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan təbrik məktubları bunu bir daha sübut etdi. Bu məktublarda Azərbaycan Prezidentinin və Azərbaycan dövlətinin dünyada nüfuzu, Azərbaycan Prezidentinin fəaliyyətinə verilən yüksək qiymət, Azərbaycan dövlətinin beynəlxalq münasibətlərdə önəmli rolu, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi, siyasi və iqtisadi potensialı və s. bu kimi məsələlər aydın göründü, açıq etiraf olundu. Bu etiraflar həm də Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün apardığı 44 günlük müharibədə qazandığı qələbəni dəstəkləmək demək idi, bu zəfərin nəticələrini tanımaq demək idi.

Azərbaycan bu beynəlxalq nüfuzu elə-belə qazanmayıb, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə göstərdiyi 20 illik dəstək, dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə irəli sürdüyü təşəbbüslər, əldə etdiyi nəzərəçarpacaq nəticələr, Qoşulmama Hərəkatında oynadığı müstəsna rol, regionda və dünyada sülh və barış üçün atdığı bir çox addımlar, sadalaya biləcəyimiz daha nə qədər uğurlar sayəsində nail olub.

Bu gün Azərbaycan Prezidenti, Azərbaycan dövləti və Azərbaycan xalqı dünyanın gözü qarşısında yeni tarix yazır, elə bir tarix ki, bütün regionun simasını dəyişmək iqtidarındadır, elə bir tarix ki, bir çox dövlətlər regionla və Azərbaycanla bağlı öz siyasətlərinə yenidən baxmaq, ənənvi siyasətlərini redaktə etmək məcburiyyətindədirlər.