“Bir həkim kimi hər kəsi vaksin vurdurmağa çağırıram”backend

Deməzdim ki, koronavirusa yoluxma halları insanların məsuliyyətsizliyi ilə əlaqədardır. Əvvəlki aylara nisbətən insanlar daha məsuliyyətlidir. Özüm şahidəm, əksəriyyət qaydalara ciddi riayət edir, maska taxır, sosial məsafə saxlayırlar.

Bu fikirləri həkim-terapevt Məlahət İsayeva deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxma hallarının artmasının səbəbi payız fəslinin gəlişi ilə əlaqədardır:

“Payız soyuqdəymə ilə başlayan və ağır fəsadlar yarada bilən xəstəliklər fəslidir. Mövsüm dəyişkənliyi insanlarda immunitet zəifliyinə gətirib çıxarır. Bunun nəticəsində qrip, bronxit, astma və soyuqdəymə kimi xəstəliklər əmələ gəlir. Oqanizm zəifləyir və temperatur dəyişkənliyinə hazır olmayan bədən tez bir zamanda müxtəlif xəstəliklərə yoluxur.

İnsanlara məsləhətim odur ki, özlərini soyuqdan qorusunlar. Maska taxmaq, gigiyena qaydaları ilə yanaşı, qidalarına diqqət etsinlər. Tərkibi A, B və C vitaminləri ilə zəngin olan meyvə-tərəvəzdən istifadə edərək immunitetlərini gücləndirə bilərlər. Nar, yerkökü, çuğundur, yaşıl alma, balqabaq şirəsi istehlak etmələri tövsiyə olunur. Xəstələndikləri zaman qalın geyinmək şərtilə açıq havada gəzməkləri vacibdir.

Eyni zamanda, oktyabrın 12-dən başlayaraq respublikamızın bütün poliklinikalarında qripə qarşı vaksinasiya işlərinə başlanıb. Bu vaksinasiya koronavirusla mübarizədə işimizi asanlaşdırır. Bir həkim kimi hər kəsi vaksin vurdurmağa çağırıram. Belə olarsa resperator xəstəliklərin qarşısı bir qədər alınar.

Nəzərə alaq ki, müharibə vəziyyətində yaşayırıq, əsgərlərimizi də koronovirusdan qorumalıyıq. Hazırda yoluxma sayı artdığı üçün ön cəbhəni də nəzarətdə saxlamalıyıq”.Teleqraf