“Bir “iPhone” almaq üçün 2,5 ton pomidor satmaq lazımdır”backend

“Aqrar sektorun ölkə üçün çıxış yolu, bizim gələcəyimizin təminatı olduğunu iddia edənlərin nəzərinə: 2021-ci ilin 9 ayında (yanvar-sentyabr ) Azərbaycandan 128 milyon 243 min dollar dəyərində 119 min 138 ton pomidor ixrac olunub. Yəni, hər kq pomidoru 1 dollar 6 sentə, yəni, 1 manat 80 qəpiyə satmışıq. Bu günlərdə Azərbaycanda satışa çıxarılan iPhone 13 üzərində növbələr var idi, qiymətlər 4000-4200 manat civarında idi, yəni, 2400-2500 dollar təşkil edirdi. Sözün qısası, bir iPhone almaq üçün 2,5 ton pomidor istehsal edib satmaq lazımdır”.

“Yeni Gündəm” xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.

“Pomidorun əziyyətlə başa gəldiyini, aylarla əmək sərf edildiyini bilirik, amma bir iPhone telefonunun istehsalı (yığılması) üçün 46 saniyə lazımdır. Yəni, biz bu ilin 9 ayında 120 min ton pomidor satmışıq, əvəzində 50 min iPhone 13 alacağıq. Belə primitiv sistem var, belə iqtisadiyyat var, aqrar sektorun, məsələn, neft sektorundan gələn gəliri əvəz etmək üçün kənd təsərrüfatının istehsalı (öz təlabatımızı ödəmək) və ixracı (valyuta qazanmaq) 25 dəfə (!!!) artmalıdır. Bu isə, sadəcə, mümkün deyil (torpaq, su, elmi yanaşma problemlərinə görə). Aqrar sektor vacibdir, amma çıxış yolu deyil, çıxış yolu elmə əsaslanan, azad rəqabətə söykənən, dövlətin maneçiliyi olmayan, azad məhkəmədən güc alan iqtisadi modeldir” – ekspert vurğulayıb.