“Birinci mərhələdə Cümhuriyyət yaranmalıdır, ikinci mərhələdə şimal və cənub vahid Azərbaycan olaraq birləşməlidir. “backend

“Birinci mərhələdə Cümhuriyyət yaranmalıdır, ikinci mərhələdə şimal və cənub vahid Azərbaycan olaraq birləşməlidir.“Güney Azərbaycanda ciddi bir hərəkat var, Məşrutə inqilabından, Xiyabani hərəkatından, Pişəvərinin 1945-46-cı illərdə dövlət qurmasından bu günə qədər biz heç vaxt milli kimliyimizdən əl çəkməmişik. Baxmayaraq ki, 100 ildir dilimiz qadağandır, ana dilimizdə bir kitab belə oxuya bilmirik. Amma bu 100 ildə yenə də milli kimliyimizi bacardığımız qədər qoruyub saxlamışıq. Lakin bu, kifayət deyil.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin xarici işlər üzrə rəhbəri, Günaz TV-nin qurucusu Əhməd Obalı Azərbaycan mətbuatına verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə Güney Azərbaycan cümhuriyyəti yaranmalıdır.

“İran dövləti yıxılmağa doğru gedir, geci tezi var. Biz mütləq Güney Azərbaycan Cümhuriyyətinin yaranmasını indidən düşünməliyik. Bizə İranın içində ssenarilər yazılır, milli muxtariyyətdən tutmuş federasiyaya qədər, bunların hamısı milləti aldatmaqdan başqa bir şey deyil. Bir millət azad olmaq istəyirsə, özünün bayrağı altında yaşamalıdır. Hələ 100 il zülm gördükdən sonra biz niyə İran bayrağı altında yaşamalıyıq. Niyə bizimkilərin bəziləri bu ümidlə yaşayırlar ki, İrana demokratiya gələcək. İrana demokratiya gələ bilməz, demokratiya gəldiyi zaman İran dağılmalıdır. Çünki bu zülm, farsçılıq, ayrı-seçkilik, türk düşmənçiliyi üzərində qurulmuş ədalətsiz bir sistemdir. Rejim dağılmadan əvvəl millətimiz güneyli quzeyli fikirdə milli birlik yaratmaqla bərabər, Güney Azərbaycan Cümhuriyyətinin yaranması ilə bağlı ciddi addımlar atılmalıdır. Həmin addımlardan birincisi insanların düşüncə baxımından hazırlanmasıdır. Ona görə də bizim müstəqil Güney Azərbaycan Cümhuriyyətindən başqa çarəmiz yoxdur. İndiyə kimi bizə yazılan ssenarilərə əhəmiyyət vermədik, özümüz istədiyimiz ssenari ilə getməliyik və bu, Güney Azərbaycan Cümhuriyyətinin yaranmasıdır. Sərhədlərimiz, insanlarımızın sayı təxminən bəllidir. Birinci mərhələdə Cümhuriyyət yaranmalıdır, ikinci mərhələdə şimal və cənub vahid Azərbaycan olaraq birləşməlidir. Üçüncü mərhələdə vahid Azərbaycan, türk dünyası güclənməli, böyük türk dünyasının reallaşmasını görməliyik. Cənubi Azərbaycan azad olmadan türk dünyasının yaranması reallaşa bilməz. Həm fiziki olaraq yol ordan keçir, həm 40 milyona yaxın azərbaycanlı var. Biz birləşdikdən sonra 50 milyona yaxın azərbaycanlı dünyada önəmli dövlətlərdən birinə çevriləcək. Həm strateji nöqtədəyik, şərqi qərbə bağlayan bizik, şimalı cənuba bağlayan da biz olacağıq. Yəni Rusiya da, Çin də bizdən yol alıb Avropaya keçəcək, Avropa da bizdən yol alıb Orta Asiyaya, Çinə doğru gedəcək. Biz mühüm nöqtədəyik, tarixi dövlətçiliyə sahibik, niyə başqalarının yazdığı ssenari ilə hərəkət etməliyik? Güney Azərbaycan Cümhuriyyəti yaranmalıdır.”

Fərahim RƏHİMOV