“Biz bütün Qərbi Azərbaycan mahallarına qayıdacayıq” – DEPUTAT ŞƏRH ETDİbackend

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində post-müharibə dövrünün reallıqlarına, Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə, regionda sülhün və əmin-amanlığın yaradılması şərtlərinə və s. vacib məsələlərə bir daha diqqət çəkdi. Bildirdi ki, Azərbaycanın mövqeyi müharibə bitəndən sonra dəyişməz olaraq qalıb”.

Bu sözləri açıqlamasında deputat Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, bu mövqe ilk növbədə hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmağa söykənir: “Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına və demarkasiyasına başlamaq lazımdır və Azərbaycan bu işə dərhal başlamağa hazırdır. Cənab Prezident sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu da bildirib. Göründüyü kimi, Azərbaycan Prezidenti regionda münasibətləri normallaşdırmaq, bölgəyə barış gətirmək üçün mümkün bütün qapıları kapitulyasiya aktına imza atmasına rəğmən düşmənin üzünə açıb. Lakin təəssüf ki, qarşı tərəfdən hələ də o qapıda görünməyə cəsarəti çatan bir nəfər görmürük. Halbuki cənab Prezident İlham Əliyev dəfələrlə deyib ki, region dövlətləri, ilk növbədə Azərbaycanla normal münasibətlər qurmaq bu gün daha çox Ermənistana lazımdır. Ermənistanın inkişafı da, regionda bir dövlət kimi gələcək mövcudluğu da, hətta mən deyərdim ki, 200 il bundan əvvəl Cənubi Qafqaza köçürülüb, Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilərin bir etnik toplum olaraq bundan sonra da bölgədə qalıb yaşaması da Azərbaycanla normal münasibətlər qurub-qurmamasına bağlıdır”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bütün dünya bilir ki, Azərbaycan tolerantlıq nümunəsi olan çoxmillətli, çoxdinli bir ölkədir və hər kəs bu ölkədə bərabərhüquqlu vətəndaş kimi bütün hüquqlardan və imkanlardan bəhrələnərək yaşaya bilər və yaşayır. Lakin bu tolerantlıqdan, bu insanlıqdan ermənilər kimi xaincəsinə sui-istifadə edib, regiona düşmənçilik, insanlara qan-qada, faciə gətirənlərin başını əzməyə dəmir yumruğumuz da var: “Cənab Prezident ermənilərə 44 günlük Vətən müharibəsində aldıqları yumruq zərbəsindən ayılmağa vaxt, düşünməyə, ağıllarını başlarına yığmağa zaman verib. Amma ermənilər elə düşünməsinlər ki, Azərbaycanın bu humanistliyindən yararlanıb, Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı törətdikləri hərbi, dövləti və insani cinayətlərdən belə asanlıqla canlarını qurtaracaqlar. Hər şeyin bədəli ödənməlidir və ödənəcəkdir. Bütün canilər Azərbaycan məhkəməsi qarşısında dayanmalı, öz cəzalarını almalı, Azərbaycan dövlətinə və Azərbaycan xalqına dəymiş maddi və mənəvi zərər qarşılanmalı, tək məcburi köçkünlərimiz yox, son yüz ildə Qərbi Azərbaycandan qovulmuş qaçqınlarımız da öz dədə-baba yurd-yuvalarına qayıtmalıdırlar. Biz təkcə Zəngəzura, Göyçəyə, İrəvana yox, bütün Qərbi Azərbaycan mahallarına qayıdacayıq”.

Arzu