Biz də öz kəndimizə, ata-baba yurdlarımıza gedib, o müqəddəs torpağımızı ziyarət edə biləcəyik – Məlahət İbrahimqızıbackend

Qarabağın, Şərqi Zəngəzurun, cənub-qərb sərhəd rayonlarımızın 30 illik işğaldan azad olunması azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarına, Zəngəzura qayıdışını zəruri edən əsas faktor kimi gündəmdədir. Tarix sübut edir ki, indiki Ermənistan imperialist qüvvələrin himayəsi altında qədim, tarixi Azərbaycan torpaqları üzərində qurulub. İrəvanda bu gün bir nəfər də olsa türk-azərbaycanlı yaşamır. Azərbaycan xalqı müxtəlif zamanlarda öz torpaqlarında soyqırımına, milli-etnik təmizləməyə, qətliamlara, deportasiyalara məruz qoyulmaqla  ata-baba yurdlarını tərk edib, qaçqın həyatı yaşamağa məcbur edilib. Nəhayət, bu gün Azərbaycan xalqı öz dövlətinin gücü, səyi ilə Qərbi Azərbaycan haqqını bərpa etmək istəyir və Qayıdış Konsepsiyasının həyata keçirilməsi istiqamətində görüləcək işlər və perspektivlər haqqında yol xəritəsini öyrənir. “Həftə içi” qəzetinin müsahibi verən “Qərbi Azərbaycan İcması” Qadınlar Şurasının sədri Məlahət İbrahimqızıdır.

– Qərbi Azərbaycana Qayıdış Konsepsiyası özlüyündə tarix, ölkə, vətəndaşlar, dünya ictimaiyyəti  qarşısında nəyi diqtə edir?

– Qərbi Azərbaycan İcmasının hazırladığı Konsepsiya hər kəsə mesaj verdi ki, Azərbaycanın tarixi, əzəli torpaqlarında yaşayan azərbaycanlılar zaman-zaman imperialist qüvvələrin apardığı siyasət və erməni vandallığı nəticədində öz yurd yerlərindən qovulub, didərgin salınıb, deportasiyalara məruz qalıblar. Bu Konsepsiya bir daha onu bəyan etdi ki, indiki Ermənistan ərazisində qalan tarixi Azərbaycan torpaqlarında doğulub, yaşamış, etnik təmizləməyə, soyqırımına, deportasyalara məruz qalmış minlərlə bacı-qardaşımız öz yurdlarında, evlərində itirilmiş hüquqlarını bərpa etməlidir. Bu, sülh yolu və beynəlxalq hüquq, beynəlxalq təcrübələrdən istifadə edərək bərpa olunmalıdır. Bu üç prinsip Konsepsiyanın əsasını, məğzini təşkil edir.

–Ermənistan Azərbaycanı önun ərazilərinə iddia etməkdə günühlandırmaqla səs-küy salır, sülhyaratma niyyətimizi özünə təhdid kimi təbliğ edir. Bu amil bizim hədəflərimiz qarşısında hansı maneələri yarada bilər?

– Bu, rəsmi Yerevanın Azərbaycana qarşı növbəti şantajı, yalanı, sərsəmləməsidir. Biz bir qədər əvvəl Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas mahiyyətini açıqladıq. Hətta müharibə dövründə və müharibədən sonra da möhtərəm Prezidentimiz demişdi ki, biz Qərbi Azərbaycan qaçqınlarının itirilmiş hüquqlarının bərpasını tanklar üzərində deyil, danışıqlar yolu, sülhü, dinc yaşayış prinsiplərini ehtiva edən yolla hərəkət etməklə qazanmağa çalışacağıq. Niyyətimiz regionda sülhün bərqərar olunmasıdır. Prezident qeyd etmişdi ki, o torpaqlar tarix boyu azərbaycanlıların olub və mən nənəmin, babamın orada qalan məzarlarını ziyarət etmək istəyirəm. Biz öz torpaqlarımıza  “haydut qanunları” ilə getməli deyilik! Biz beynəlxalq hüquqa əsaslanaraq öz tarixi torpaqlarımıza qayıdacağıq.

Əlbəttə ki, bütün beynəlxalq qanunlarda, eləcə də BMT-nin  qəbul etdiyi bütün sənədlərdə deportasiyaya məruz qalmış insanların öz torpaqlarına qayıtmaq haqqının, hüququnun olduğu göstərilib. Bütün Azərbaycan xalqı, eləcə də Qərbi azərbaycanlılar da bu faktı dəfələrlə bəyan edib. Ermənistan özü işğalçı, vandal siyasət yürütdüyü halda, bu gün öz mənfur adını başqasına qoymağa çalışır. Ermənistan işğalçı dövlətdir və Azərbaycana qarşı 200 ildir törətdiyi cinayətlərini, soyqırımları ört-basdır etmək üçün ölkəmizə qarşı informasiya müharibəsi aparıb, bizi təqsirli çıxarmağa cəhdlər edir.  Özləri qətliamlar, soyqırımlar törətsələr də, guya türklər tərəfindən soyqırımına məruz qaldıqlarını uydurublar. Bu, erməni xislətidir. Ona görə də belə erməni şantajlarına, siyasi-ideoloji sərsəm çıxışlara fikir vermədən son məqsədə çatıb, haqqımızı almaq üçün mübarizəmizdə davamlı olacağıq. Biz beynəlxalq hüququn tələblərindən kənara çıxmayacağıq və missiyamız bölgəyə, millətlərə, xalqlara sülhün təmin edilməsinə xidmət edir.

– Qərbi Azərbaycandan qovulub deportasiyaya məruz qalmış, qaçqın yaşamaq məcburiyyəti ilə evsiz-eşiksiz qalmış 100 minlərlə insanın arasında əzilən, hüquqları pozulan, incidilən, təhqir olunan qadınlarımız, qızlarımızın hüquqlarının bərpası, təzminatın alınması yönündə beynəlxalq ictimaiyyət qarşısında hansı həyəcan siqnalı çalınmalıdır? Bu istiqamətdə hansı işlərə başlanılıb?

– Təkcə XX əsrdə Qərbi Azərbaycandan milyondan çox insanımız didərgin salınıb. İnsanlarımızın öz yurdundan, torpağından qovulmasına, didərgin salınmasına nə ad verilsə də, bir fakt var: insanlarımızın hüquqları pozulub. Tarixi faktlara istinad etsək, hələ 1905-1907, 1918, 1948-1953, 1988-1989-cu illər Azərbayacan xalqı kütləvi olaraq deportasiyalara, qətliamlara, soyqırımlara məruz qalmışdı. Bu ağır taleni yaşayan milyondan çox qaçqının, deportasiya, etnik təmizləmə və soyqırıma məruz qalmış insanlarımzın içərisində ən ağır vəhşiliklərə qadınlarımız, qızlarımız, qocalarımız, uşaqlarımız məruz qoyulub. Bu gün dünya hərb, silah, müharibədən uzaqda dayanan tərəf olaraq qadınların səsini daha çox eşidir. Beynəlxalq təşkilatlar qadınların münaqişənin həllində iştirakını, sülh prosesində, sülhün əldə olunmasında rolunu zəruri hesab edir.  Məsələn, BMT-nin 2000-ci ildə qəbul olunmuş tarixi bir qətnaməsi var. O qətnamədə qadınların müharibələrdə, münaqişələrdə necə ağır mərhumiyyətlərə uğraması, deportasiyalara məruz qalması, zorakılıqlarla üzləşməsini istinad edən fikirlər var. Həmin sənəddə deportasiyalara məruz qalmış qadınların kifayət qədər hüquqları açıqlanır və əsas məğzi qadınların münaqişələrin həllində, sülh quruculuğunda iştirakı zərurət kimi qeyd edilir. Həmin  qətnamə BMT-yə daxil olan ölkələrə bir öhdəlik kimi təqdim olunub. O cümlədən ona Azərbaycan da imza atıb. Bizim qaçqın qadınların pozulmuş hüquqları, məruz qaldığı zorakılıq, deportasiya ilə bağlı BMT-nin qəbul etdiyi həmin o 1325 saylı qətnaməyə istinadla çatacağıq. Onu da qeyd edim ki, IV beynəlxalq Pekin Konfransının qəbul etdiyi qərarlar, strategiyalarda bu kateqoriyadan olan qadın hüquqlarının qorunması bütün dövlətlər üçün öhdəlik kimi qəbul olunur. Pekin Konfransının qəbul etdiyi həmin sənəddə 12 strateji xətt var. Onlardan biri qadınların hüquqlarının qorunmasını tələb edir. Beynəlxalq müstəvidə qəbul olunan bu sənədlər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsində bizim üçün əsas hüquqi akt olacaq. Biz bu hüquqi aktlara əsaslanıb beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərəcəyik.

Bu gün Cənubi Qafqazda dayanıqlı sülh, dayanıqlı barış olarsa inkişaf, rifah olar. Bunun üçün dünya qadınlarının bu prosesə qatılmasına ehtiyac var. Gələcəkdə Cənubi Qafqaza daxil olan Gürcüstan qadınları ilə əməkdaşlıq edəcəyik və erməni qadınlarını da bu prosesə qoşmağa çağıracağıq. Elə qəzetiniz vasitəsilə də həmin qadınlara bildiririk ki, son 30 ildə Ermənistanın faşist düşüncəli siyasətçilərinin apardığı işğal və müharibələr nəticəsində Azərbaycan torpaqlarında işğallar, soyqırımlar törədiblər. Buna görə də erməni anaları öz övladlarını itiriblər. Azərbaycan Prezidentinin tarixi bir çıxışı var idi: əgər erməni anaları övladlarının ölməsini istəmirlərsə, onları Azərbaycan torpaqlarında müharibəyə göndərməsinlər. Bundan sonra erməni qadını səfil vəziyyətə düşmək istəmirsə, övladlarının faşist ermənilərin çirkli işlərinə qatılmasını istəmirlərsə, bölgədə sülhün bərqərar olunması üçün Azərbaycan qadınları ilə əməkdaşlıq etməlidirlər. Erməni qadınları Ermənistanda olan revanşist qüvvələrə qarşı mübarizə aparmalıdırlar. İcma qadınları olaraq gələcəkdə bu istiqamətdə də bir sıra tədbirlər həyata keçirdəcəyik.

– Öz torpaqlarından qovularaq hüquqları pozulan qadınlar necə bir araya gələcək, bu istiqamətdə hansı işlər nəzərdə tutulur?

– İcma yenicə fəaliyyətə başlayıb. Qadınlar münaqişələrin həllində və sülhyaratmada əsas amil kimi qəbul olunduğu üçün bizim Qərbi Azərbaycana Qayıdış Prosesində qadınların gücündən istifadə olunmalıdır.

Eyni zamanda biz İcmaya müraciət edən bütün Qərbi Azərbaycan qadınlarının hər biri ilə görüşür, tədbirlər həyata keçiririk. Qadınlar Şurası analarımızla, qızlarımızla vaxtaşırı görüşüb, onların problemlərinin öyrənilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini davam etdirəcək. Təkcə 1988-1991-ci illərdə Qərbi Azərbaycandan 300 min qaçqın gəlib, onun 150 mini qadındır. Təbii ki, qısa müddətdə bu qadınların problemlərinin öyrənilməsi və hüquqlarının bərpası yönündə beynəlxalq təşkilatlara, məhkəmələrə müraciətlər göndərmək çətindir. Proses bu yöndə inkişaf edəcək. Deportasiya, etnik təmizləmə, soyqırımına məruz qalmış qadınlarımızın haqları bərpa edilməlidir.

– Qərbi Azərbaycan tarixinə baxanda o torpaqlarımızda hansı milli-mədəni-maddi  irsimizin dağıldığı barədə faktlar var?

–  Ermənilər Qərbi Azərbaycanda bizim milli-mənəvi abidələrini dağıdıblar, toponimlərimizi dəyişdiriblər. Ona görə də əsas hədəfimiz beynəlxalq ictimaiyyətin, dünya dövlətlərinin bu həqiqəti tanımasıdır, bilməsidir. Biz YUNESKO və digər beynəlxalq təşkilatlardan tələb edəcəyik ki, o tarixi torpaqlarımızda monitorinqlər keçirilsin. Orada bizim təkcə 1988-ci ildə 300-dən yuxarı kəndin sakini köçürdülüb. Həmin kəndlərdən 200-ü tamamilə boşdur. O kəndlərdə, şəhərlərdə bizim millətin var olmasını sübut edən abidələri, qəbiristanlıqları yenidən araşdırıb, tapmaq, tədqiq etmək lazımdır. Bu gün Ermənistan ərazisində olan torpaqlarımıza gedə bilmirik.  Ona görə də azərbaycanlıların tarixi haqqını bərpa etmək missiyasında beynəlxalq təşkilatların xüsusi rolu olacaq.

Dünyada Ermənistan kimi monoetnik dövlətlər yoxdur. Belə monoetnik tayfalar əhalisi az olan uzaq adalarda, haradasa Afrikanın müəyyən sivilizasiyadan kənar tayfalarında var. Amma Avrasiya məkanında monoetnik dövlət yoxdur. Statistik faktlar göstərir ki, Ermənistanda əhalinin çoxu azərbaycanlılar olub. Bu gün orada bir dənə də türk-azərbaycanlı yoxdur. Beynəlxalq aləm bu fakta diqqət yetirməlidir. Ermənistan ərazisinin Azərbaycanın tarixi torpaqları olmasını sübut edən abidələr, şəkillər, sənədlər var. Bunlar beynəlxalq təşkilatlarda araşdırılmalı, təhlil edilməlidir.

Bu günlərdə Qərbi Azərbaycan İcmasının BMT-yə göndərdiyi müraciət BMT-nin rəhbər qurumları tərəfindən Ekosos, Təhlükəsizlik Şurası və digər qurumlarda BMT-nin gündəliyinə salınmış sənəd kimi üzv dövlətlərə paylanıb. Bu, xalqımız üçün çox böyük uğurdur.  Qərbi Azərbaycanda doğulmuş və torpaqların işğaldan azad olunması prosesində şəhid olmuş vətəndaşlarımız var. Bütövlükdə xalqımız itirilmiş hüquqlarının bərpasına öz töhfəsini verməlidir.

– BMT-yə göndərilən və Azər baycan üçün uğur hesab etdiyiniz həmin sənəd qarşıda qayıdışımızla bağlı hansı perspektivi açır?

– Bu, artıq indiki Ermənistan ərazisinin qərbi azərbaycanlıların tarixi torpaqları olmasının bir etirafdır. Qərbi Azərbaycan icmasının bəyanatının BMT-nin gündəliyinə salınmış bir sənəd kimi üzv dövlətlərə paylanması Azərbaycanın tarixi torpaqları ilə bağlı rəsmi sənəddir. Azərbaycan tarixi dünyanın gözü qarşısındadır. Bu müraciətin qəbul olunması, Azərbaycan torpaqlarının tanıdılması baxımından uğurdur və qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün bizə böyük dəstək olacaq.

– Orta məktəblərdə, dərsliklərdə,   ümumilikdə, cəmiyyətin təbliğat strukturlarında, xüsusilə TV-lərdə Qərbi Azərbaycan mövzusu necə təqdim olunur?

– Hələ orta məktəb dərsliklərində, tarix dərslərində təbliğat ürəkaçan deyil. Amma Konsepsiyada, İcmanın tədbirlər planında da var ki, ölkədə orta məktəblərdə, ictimaiyyət arasında Qərbi Azərbaycan tarixi düzgün təbliğ olunmalıdır. Hesab edirəm, konsepsiya elan olunub və bu məsələ bütövlükdə Azərbaycan xalqının əsas problemi kimi həll olunacaq. Qərbi Azərbaycanda itirilmiş hüquqların bərpası Qarabağın azad olunmasından keçirdi. Təsadüfi deyil ki, Şuşa qalasının bir “Zəngəzur”, bir “İrəvan” qapısı var idi. Ona görə də hesab edirəm, bu məsələ ciddi təbliğ olunmalıdır. Bu prosesdə jurnalistlərin, medianın böyük işi, məsuliyyəti, öhdəliyi var.

– Qərbi Azərbaycanın azərbaycanlıların Ana Vətəni olduğunu bir fakt kimi ortaya qoymaq üçün əlimizdə çoxlu fakt var. O sırada sadə bir məqamı qeyd edək: sizin kəndinizin adı nə idi?

– Mən İndiki Ermənistanın Basarkeçər rayonunun Kiçik Məzrə kəndindənəm. O yerlər bizim ata-baba yurdumuzdur. İnanıram, Qarabağın azadlığı prosesi azərbaycanlıların bütünlüklə öz tarixi torpaqlarına qayıdışını təmin edəcək və biz də öz kəndimizə, ata-baba yurdlarımıza gedib, o müqəddəs torpağımızı ziyarət edə biləcəyik.