“Bizə xaricdə universitet bitirib iş tapmayan lazım deyil”backend

Sentyabrın 30-da prezident İlham Əliyev gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının hazırlanması ilə bağlı sərəncam imzalayıb. Proqramın hazırlanmasından ötrü Nazirlər Kabinetinə iki ay vaxt verilib.

Sənədə görə, məqsəd sürətli inkişaf üçün müasir bacarıqlara malik insan kapitalının yaradılması, istedadlı gənclərin xarici ölkələrdə təhsil almasına dövlət dəstəyinin davam etdirilməsi və uğurlu təcrübəyə əsaslanan effektiv maliyyələşmə modelinin formalaşdırılmasıdır.

Xaricdə təhsillə bağlı artıq bir proqram – “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” həyata keçirilib. Lakin bəzi ekspertlər iddia edir ki, proqramın nəticə və təsirləri indiyədək müzakirəyə çıxarılmayıb, ölkəyə qayıdan proqram məzunlarından işsiz qalanlar var.

Milli Məclisin üzvü Rüfət Quliyev “Turan”a bildirib ki, prezident İ.Əliyevin imzaladığı sərəncam Azərbaycan ali təhsilinin inkişafında növbəti bir addımdır: “Çünki bu proqram çərçivəsində gələcəkdə Azərbaycan universitetlərində dərs deyəcək kadrlar da hazırlanacaq”.

Lakin deputatın sözlərinə görə, bu proqram ən çox ölkənin iqtisadiyyatı üçün vacibdir: “Bu proqrama əslində Ulu Öndərin vaxtında başlanılıb. (keçmiş prezident Heydər Əliyevi nəzərdə tutur) Hələ 1981-ci ildə o, min nəfərdən çox gənci SSRİ-nin aparıcı ali təhsil müəssisələrinə oxumağa göndərib. Bu gün onlar aparıcı mütəxəssislər kimi hökumət orqanlarında, təhsil müəssisələrində və digər sahələrdə çalışır”.

R.Quliyevin fikrincə, Azərbaycana mütəxəssis çatışmadığı sahələr üzrə kadrlar lazımdır: “Bu, kənd təsərrüfatı, emal sənayesi, Azərbaycanda tədris edilməyən neft-kimya mütəxəssisləridir, menecerlərdir, həkimlərdir, mühəndislərdir, inşaatçılardır, zərgərlərdir. Bizə onlarla sahələr üzrə mütəxəssislər lazımdır. Dünyada artıq yeni texnologiyalardan, mexanizmlərdən istifadə olunur. Bizə də onları idarə edənlər lazımdır”.

O qeyd edib ki, tələbələri xaricə göndərmək xətrinə göndərmək lazım deyil: “Cənab prezident öz addımını atdı. Siyasi iradə və vəsaitlər var. Biz neft kapitalını insan kapitalına çevrilməliyik. Nazirlər Kabineti hər il bütün nazirliklərdən, dövlət komitələrdən onlara lazım olan mütəxəssislərlə bağlı məlumat alıb plan tərtib etməlidir, sosial sifariş etməlidir. Sonra həmin məlumatlar əsasında mütəxəssisləri hazırlamaq lazımdır. Bizə xaricdə universitet bitirib sonra burada əmək bazarında iş tapmayan mütəxəssislər lazım deyil”.

Bu sahə üzrə ekspert Fuad Hacıyev isə AzadlıqRadiosuna deyib ki, xaricdə təhsil proqramının ən vacib məqamı ən yaxşı tələbəni seçməkdir: “İntervyu zamanı insan faktorunu maksimum azaltmaq lazımdır. Azərbaycanda tapşırılma işə düşəndə problem onda çıxır. İmtahanlar anonim keçirilməlidir, kağızın üzərində adamın adı yox, kod olmalıdır. Dəfələrlə olub ki, əvvəlki proqram zamanı insanlara siyasi baxışlarına görə imtina gəlib. Ona görə də yeni proqram çərçivəsində ictimai apellyasiya şurası kimi bir şəffaf platforma yaradılmalıdır”.

Onun sözlərinə görə, çalışıb daha çox tələbələri xaricə göndərmək lazımdır: “Bir nəfəri Böyük Britaniyaya 110 min funt sterlinqə oxumağa göndərməkdənsə bu pulu bölüb başqa ölkələrdə üç nəfəri oxutmaq daha yaxşı olardı. Yox, əgər məqsəd Böyük Britaniya ilə münasibətlərini yaxşılaşdırıb ora kütləvi şəkildə pul köçürməkdirsə, o, ayrı məsələdir. Biz özümüz üçün prioritet müəyyənləşdiriliyik”.

Başqa bir ekspert Kamran Əsədov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanın inkişafı üçün mütləq dünya reytinqində olan universitetlərdə tələbələri oxutmaq lazımdır: “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramında nəzərdə tutulmuşdu ki, 5 min adam xarici ölkələrə təhsil almağa getsin. Amma 3 min 500 nəfər getdi və son göndərilən heyət 2022-ci ildə məzun olacaq”.

Onun deməsinə görə, qayıdıb gələnlər kifayət qədər var, onların arasında nazir, nazir müavinləri, aparat rəhbərləri da var: “Düzdür, qayıdıb gəlməyənlər də oldu. Çünki müqavilədə onların mütləq qayıdıb gəlməyi məsələsi yox idi. Budəfəki proqramda bu mütləq qeyd olunmalıdır”.

Ekspert də qeyd edib ki, Azərbaycan daha çox ehtiyacı olan sahələr üzrə tələbələri göndərməlidir: “Əvvəlki proqram üzrə 90 milyon manat ayrılmışdı. Bu, kifayət qədər böyük bir məbləğdir. Bu dəfə də yəqin bu çərçivədə vəsait ayrılacaq və biz onu səmərəli xərcləməliyik”.

Mövzu ilə bağlı, hələlik, Nazirlər Kabineti ilə danışmaq mümkün olmayıb. Bu məsələ ilə bağlı oktyabrın 1-də keçirdiyi brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib ki, “Gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almalarına dair yeni Dövlət Proqramı”nın böyük bir hissəsi magistratura pilləsini əhatə edəcək. Onun sözlərinə görə, proqram il ərzində 300-400 nəfəri əhatə edəcək.

“Yeni proqram hazırlanarkən xaricə oxumaq üçün gedən şəxslərin geri qayıtması ilə bağlı nüanslar da nəzərə alınacaq”, – nazir bildirib.

E.Əmrullayev hansı ixtisaslara üstünlük veriləcəyindən də danışıb: “Texniki, texnoloji sahələr, mühəndislik, informasiya texnologiyaları, kibertəhlükəsizlik, hərbi sənaye, kənd təsərrüfatının texnoloji inkişafı ilə bağlı, fundamental elmlər – kimya, biologiya, fizika, geologiya, onların kəsişməsi olan biokimya, bioinformatika, iqtisadiyyat, maliyyə, dövlət idarəçiliyi prioritet olacaq. Proses zamanı digər sahələrin də prioritetləşməsi gözlənilir…”.