“BMW”ni dərədən aşıran “Kürd Elnur”la bağlı – Açıqlama+Videobackend

Daxili İşlər Nazirliyi Bakıda “BMW” markalı avtomobilin dərədən vurularaq aşırılması ilə bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə avtomobilin dərəyə aşırılmasını əks etdirən videogörüntülərlə bağlı araşdırma aparılıb:

“Bakıxanov qəsəbə sakini Zamin Babayev polisə ərizə ilə müraciət edərək, ona məxsus “BMW” markalı avtomobilin tanışı, dəfələrlə məhkum olunmuş Elnur Abbasov tərəfindən qaçırılması və həmin şəxs tərəfindən dərəyə atılması barədə məlumat verib. Zamin Babayev qeyd edib ki, Elnur onun avtomobilini almaq istəyib və maşını yoxlamaq məqsədilə aparıb, lakin daha sonra qaytarmayıb.

O bildirib ki, Elnur Abbasov pul axtardığını və tapan kimi avtomobili alacağını deyib. Lakin mayın 11-də avtomobili dərədən aşırıb”.

Suraxanı rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (başqasının əmlakını məhv etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, Elnur Abbasov kriminal aləmdə “Kürd Elnur” ləqəbi ilə tanınır.

***

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Abbasov tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, sözügedən videonu sosial şəbəkədə jurnalist Nurlan Cəfəri paylaşıb.