BNA-dan yeni 111 minlik tender sovurması – Nəqliyyatın intellektual idarəetməsi yoxdursa…backend

Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan, fəaliyyətsizliyi ilə göz deşən “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” MMC yeni tender keçirib. TİA.Az-ın verdiyi məlumata görə, müsabiqədə “Adventa Co” MMC qalib gəlib.

Tenderin keçirilməsinə səbəb yeni fancoillər, qoşulma aksesuarları, idarəetmə pultlarının alınması və qoşulma işləri, generator təmiri daxildir. Bu məqsədlə şirkətə 111 002.69 manat köçürüləcək.
Lakin heç kəsə sirr deyil ki, BNA-nın özü kimi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi də uğursuz bir qurumdur. Bu qurumun fəaliyyəti ictimai nəqliyyatda özünü göstərmir.
Halbuki məqsəd intellektual idarəetmə qurmaq idi. Məsələn, dayanacaqlarda monitorlar qurulmuşdu, indi onların heç biri işləmir. Əvəzində böyük pullar havaya sovrulub.
İndi də 111 mindən yuxarı vəsait ayrılıb, idarəetmə pultlarının alınması və qoşulma işləri, generator təmiri nəzərdə tutulur.
Maraqlıdır, bu işlər harada görüləcək, kimə lazımdır? Əgər Nəqliyyatın intellektual idarəetməsi yoxdursa, deməli, bu xərclər də israfçılıq, yeni maxinasiya fürsətləridir.