BNA sürücülərə müraciət etdibackend

“Sentybarın 29-da təhsilin bütün pillələri üzrə əyani tədrisin bərpa olunması ilə əlaqədar küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir. Bunu nəzərə alaraq hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına, xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda deyilir.

“Sürücüləri təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib, digər hərəkət iştirakçılarına maneə yaratmamağa çağırırıq. Bildiririk ki, bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları, ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar.

Həmçinin, müntəzəm sərnişindaşımalara tələbatın artacağını nəzərə alaraq zəruri qabaqlayıcı tədbirlər görülür. Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara sərnişin sıxlığının minimuma endirilməsi və vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatması məqsədilə bir sıra tapşırıqlar verilib.

Daşıyıcılara gündəlik xəttə çıxarılan avtobus sayının və avtobuslar arası intervalın sərnişin axınına uyğun tənzimlənməsi, eləcə də tələbat olan xətlər üzrə avtobus sayının artırılması tapşırılıb”, – qurumdan bildirilib.