Bob Bləkmən: “İşğal dövründə Azərbaycanın yaşayış məntəqələrinin necə dağıdıldığını gördük”backend

“Mən 2010-cu ildən Böyük Britaniya Parlamentinin İcmalar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəriyəm”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu ölkəmizdə səfərdə olan Böyük Britaniya Parlamentinin İcmalar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Bob Bləkmən bu gün keçirilən mətbuat konfransında bildirib.

Bob Bləkmən deyib ki, başçılıq etdiyi nümayəndə heyəti öncə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb: “Prezident İlham Əliyevi Qarabağın azad olunması münasibəti ilə təbrik etdik. Ümid etdiyimizi bildirdik ki, bu, regionda sülhün bərqərar olmasına səbəb olacaq. Daha sonra Şuşa və Füzuliyə səfər etdik. Zəfər yolu ilə getdikcə işğal dövründə Azərbaycanın yaşayış məntəqələrinin necə dağıdıldığını gördük. Şuşada olarkən şəhərin şöhrətini qaytarmaq üçün qısa müddətdə görülən işlərin şahidi olduq. İnanırıq ki, Azərbaycan qısa müddətdə Şuşanın şöhrətini qaytarmağa nail olacaq. Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə necə tikildiyini şahidi olduq. Böyük Britaniyada bu təcrübə öyrənilə bilər”.

Böyük Britaniya Parlamentinin İcmalar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri qeyd edib ki, Böyük Britaniya və Azərbaycan arasında əlaqələri gücləndirməyə çalışırlar: “Azərbaycan xalqını müstəqilliyin 30 illiyi və Zəfər Günü münasibəti ilə təbrik edirəm. İnanıram ki, Azərbaycan və Böyük Britaniya arasında məhsuldar münasibətlər daha da inkişaf edəcək”.

Bob Bləkmən bu gün növbəti oyununa çıxacaq futbol üzrə Azərbaycan yığmasına da uğurlar arzulayıb.