Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqələr qurmuşlarbackend

Cari ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər edib. Ölkə başçıları rəsmi görüş keçirmişlər. Görüşdə Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev, Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxış etmişlər. Bolqarıstan Prezidenti çıxışında qeyd etmişdir ki, “Böyük məmnuniyyətlə deyə bilərəm ki, ölkələrimiz arasında ən yüksək səviyyədə çox fəal siyasi dialoq var. Biz artıq bunun sayəsində münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışıq”. O deyib ki, Azərbaycan bizim üçün arzuolunan, etibarlı tərəfdaşdır:

“Mən çox şadam ki, bu məsələdə də mövqelərimiz üst-üstə düşür və biz həmin bu praqmatik və səmərəli əməkdaşlığımızı bir çox sahələr üzrə irəli aparmaq niyyətindəyik”.

Hazırda Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqələr qurmuşlar. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkələr arasında əməkdaşlığın davamlılığını təmin etmişdir. Bəyannamə əlaqələrimizi yüksək səviyyəyə qaldırmış və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır.

Avropa ölkələrinin, eləcə də Bolqarıstanın Azərbaycanın enerji resurslarına tələbatı artmaqdadır.

Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov ilə Yunanıstan-Borqarıstan İnterkonnektorunun (IGB) kommersiya istismarına verilməsi və Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi çərçivəsində Bolqarıstana qaz tədarükü məsələlərini müzakirə edilmiş və bu ilin sonuna Azərbaycandan Bolqarıstana təxminən 600 milyon kubmetr qaz ixracı proqnozlaşdırılmışdır.Azərbaycanın ötən ildən indiyə kimi bu ölkəni 555 milyon kubmetr təbii qazla təchiz etmişdir. Bu ilin iyul ayından isə Bolqarıstana gündəlik qaz nəqli 2,6 milyon kubmetrə yüksəlmişdir. IGB-nin kommersiya fəaliyyətinə başlaması oktyabra planlaşdırılmışdır və kəmər Bolqarıstan, ümumilikdə isə Cənub-Şərqi Avropanın enerji təchizatına töhfə verəcəkdir. Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi çərçivəsində Bolqarıstana əlavə qaz həcmlərinin tədarükü perspektivləri də nəzərdən keçirilmişdir. Azərbaycanın Xəzər dənizinin külək enerjisi potensialından elektrik enerjisi və hidrogenin istehsalı və ixracı ilə bağlı planları və “yaşıl enerji”nin Avropaya ixrac perspektivləri, eləcə də enerji sahəsində digər istiqamətlər üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, TAP kommersiya istismarına veriləndən Avropaya 12 milyard kubmetr qaz nəql edib, ondan 10 milyard kubmetri İtaliyaya, 1 milyard kubmetri isə Yunanıstan və Bolqarıstana göndərilib.

TAP-ın tikinsinə 2020-ci ilin oktyabr ayında yekun vurulub. Onun ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliyanın cənubundan keçir. Qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması, ildə 20 milyard kubmetrə qədər çatdırılması planlaşdırılır.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək. Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Yeni əməkdaşlıq imkanları araşdırılacaq. İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsi üçün dəvət olunacaqlar. Xüsusilə, işğaldan azad olunmuş ərazilərimiz əməkdaşlıq üçün daha böyük imkanlar yaradır.

Nəsimi rayon təhsil işçisi,  elm xadimi, ziyalı

Emiliya İbrahimova