Böyük qələbənin məğrur təminatçısıbackend

Küləklər şəhəri Bakının Dövlət Bayrağı Meydanında ucalan, əzəməti ilə bərq vuran 162 metr hündürlükdəki bayrağın kölgəsində dayanıb seyr edirəm səni, doğma Vətən.

Qürur duyduğum nişanə, dövlətimin varlığının rəmzi, milllətimin imzasını imzalar içində təsdiqlədən ən böyük milli dəyər, başımızın üstündə dalğalanan zəfər xəbərlərinin sevinci olan Bayraq. Azadlıq uğrunda minlərlə şəhid verən Azərbaycan xalqı üçün də bundan böyük qürur mənbəyi ola bilməz. Bəlkə də sənin qeyd etdiyin ən möhtəşəm bayramındır bu gün. Küçələrin, binaların, evlərin, avtomobillərin, hər tərəfin göy, qırmızı, yaşıl rəngə bürünüb. Qəhrəman oğullarımız işğaldan azad olunan ərazilərimizə üçrəngli bayrağımızı sancmaqda davam etdikcə biz kölgəndə bir yumruğa dönürük, təpədən dırnağa səfərbər oluruq. Sən işğaldan azad olunmuş vətən torpaqlarında məğrur dalğalandıqca biz də bayraq sevdasını bir başqa hiss edirik, yaşayırıq bu günlərdə.
Sən vətənin azadlığı uğrunda canını verən şəhidlərin xatirəsini yaşadırsan, tabutunun üstündə səni görüb rahat uyuyur şəhidim. Səni öpüb alnına qoyan, bağrına basan şəhid analarının, atalarının təsəlli yerisən, ən müqəddəs dəyərisən. Məğlubedilməz əsgər sənin önündə baş əyir, səni öpüb alnına qoyur, sənə səcdə edir, sənə and içir. Qara torpağı vətənləşdirən, ulu babalarımızın bizə miras qoyub getdiyi ən böyük dəyər, ən böyük sevgi, and yerisən.. Bir bilsən uğrunda nələri qurban verərik, nələri…
Vətənimin azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün bayrağımız Azərbaycanın qüdrətini nümayiş etdirən yüksəklikdə dalğalanır, ölkəmiz üçrəngli dövlət bayrağımızla müstəqillik yolları ilə inamla irəliləyir. Hər bir vətəndaşımız, soydaşımız bayrağımıza sarılaraq Azərbaycanın haqq savaşında yaxından iştirak edir. Və hazırda Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda dalğalanır.
Əsgəri düşünmədən Vətən naminə ölümə hazır olan ordu şübhəsiz ki, yenilməz və güclüdür. Ən böyük hakim olan zaman bu fikrin doğru olduğunu tarixin qanla, mübarizə ilə yazılmış səhifələrində dəfələrlə sübut edib. 30 illik səbrin, təmkinin tükəndiyi bir vaxtda xalqımız Qarabağ torpaqlarının Ermənistanın işğalından azad edilməsi sevincini yaşayır. Bəli, ümid ancaq Azərbaycan əsgərinədir. Bu əsgərin isə güclü, yenilməz bir sərkərdəsi – Ali Baş Komandanı var – Prezidentimiz cənab İlham Əliyev. O Ali Baş Komandan ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı ədalətli müharibə sayəsində Azərbaycan ordusunun düşmənə ağır zərbələr endirib əksər ərazilərmizdə azadlıq bayrağını qaldırması müharibə tarixinin şanlı bir səhifəsinə çevrildi.
Ulu bayraq, göylərin azad quşu hər zaman zirvələrdə dalğalan. Dünyanın bayraqları arasında üçrəngli görkəmin, əzminlə bərq vur, dalğalan ki, bu millətin, bu xalqın, bu dövlətin varlığını yaşat, onun gücünü, qüdrətini bəyan et bütün aləmə… Daim zəfər soraqlı ol; biz dünən var idik, bu gün yaşayırıq, sabah da var olacağıq səni əbədi yaşatmaq üçün. Və şükürlər olsun ki, bu gün biz sənin Qarabağ torpağında da dalğalanmağının şahidiyik. Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Dövlət Bayrağı respublikanın dövlət qurumları, diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır. Beynəlxalq tədbirlərdə, mötəbər mərasimlərdə, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə, idman yarışlarında dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. Bu gün Azərbaycan üçrəngli bayraqlarla bəzənib. Azərbaycan əsgərinin tezliklə qələbə bayrağını Xocalıya, Xankəndinə, Laçına sancmaqla tarixi ədaləti bərpa edəcəyinə hər bir Azərbaycan vətəndaşı əmindir.
Hər səhər çalışdığım doğma Bakı Dövlət Universitetində də üçrəngli bayrağımız qarşılayır, salamlayır bizi, böyük qələbə yaxındır – deyir bizə.
Məğrur dalğalan, yüksəklərə, zirvələrə ucal Azərbaycan Bayrağı! Müstəqil Azərbaycanın dövlət rəmzi olaraq Vətənimin qələbə səsini elə bu Vətənin coşğun küləkləri ilə dünyaya çatdır!

Günel İsgəndər (Orucəliyeva),
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri