“Britaniya Azərbaycan səfirliyinə hücumun təkrarlanmayacağına dair zəmanət verməlidir” – Ceyhun Bayramovbackend

“Bizə Birləşmiş Krallığın müvafiq orqanlarından ilkin məlumat verilib. Həmin qurumlar Azərbaycan səfirliyinə hücumun araşdırılması ilə çox ciddi məşğuldurlar”.

Bunu “Haber Global”a Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Birləşmiş Krallığın Bakıdakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılmışdı. Onunla hərtərəfli, ciddi söhbətimiz olmuşdu. Birinci məsələ ondan ibarətdir ki, bizim Böyük Britaniyadan gözləntimiz ilk olaraq Azərbaycana qarşı belə halların təkrarlanmamasına dair zəmanətlərin verilməsidir. Bu Birləşmiş Krallığın Vyana Konvensiyasına əsasən öhdəliyidir. Diplomatik missiyaların, diplomatların təhlükəsizliyinin, toxunulmazlığının qorunması, Vyana Konvensiyasının əsasən, hər bir qəbul edən tərəfin birbaşa məsuliyyətidir”, – nazir vurğulayıb.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini qruplaşma tərəfindən hücum olub.