Bu, Azərbaycanın qüdrətinin göstəricisidir – Cavid Osmanovbackend

“20 oktyabr təqvimi Azərbaycan xalqı üçün əlamətdar bir tarixdir. 2020-ci il oktyabrın 20-də Zəngilan rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olundu.

Həmin dövrdə Azərbaycan Ordusu digər ərazilərin işğaldan azad edilməsi üçün vacib üstünlüklər qazanmışdı. 20 oktyabr 2021-ci il də Zəngilanın və Azərbaycanın tarixində növbəti əlamətdar gün idi. Bu tarix Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Zəngilan rayonuna növbəti səfəri ilə yadda qaldı”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Millət vəkili bildirib ki, işğaldan azad edildikdən sonra Zəngilanda bir sıra vacib infrastruktur layihələri həyata keçirilməyə başlanıldı:

“İlk yaşayış məntəqələrinin təməl daşı da məhz burada – rayonun Ağalı 1, 2, 3 kəndlərində atılıb. Pilot layihə əsasında inşa olunan “ağıllı kənd”, “ağıllı şəhər” layihələri ilk dəfə burada gerçəkləşdirilməkdədir. Budəfəki səfər çərçivəsində cənab Prezident və Birinci vitse-prezident Mehriban xanım Əliyeva “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış oldu. Eyni zamanda Prezident Zəngilan rayonundakı Beynəlxalq Hava Limanının tikintisi ilə yaxından maraqlandı, Dövlət Sərhəd Xidmətinin orada inşa edilərək istifadəyə verilən hərbi hissəsinin açılışında da ölkə başçısı şəxsən iştirak etdi. Ölkə rəhbəri və Birinci vitse-prezident “Azərişıq” ASC-nin Zəngilan yarımstansiyasının təməlqoyma mərasiminə və Zəngilan yarımstansiyasının açılış mərasiminə qatıldı. Eyni zamanda rayon ictimaiyyəti ilə də görüş keçirildi”.

Deputatın sözlərinə görə, təxminən 7-8 ay ərzində dövlət başçısının rəhbərliyi altında görülən bu işlər Azərbaycanın nə qədər güclü və qüdrətli bir ölkə olduğunun göstəricisidir:

“Unutmayaq ki, bütün ölkələrin iqtisadiyyatına mənfi təsir edən koronavirus pandemiyası hökm sürür. Digər tərəfdən, Azərbaycan 44 günlük Vətən müharibəsindən çıxmış ölkədir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizdə bu qədər sürətlə yenidənqurma və bərpa işlərinin aparılması cənab Prezidentin rəhbərliyi ilə ölkəmizin qüdrətinin, gücünün göstəricisidir. Nəzərə alaq ki, Ermənistan tərəfi hələ də Azərbaycana mina xəritələrini tam şəkildə qaytarmayıb. Verilən xəritələrin də düzgünlüyü, doğruluğu cəmi 25 faizdir. Ona görə də ilk olaraq təhlükəsizlik məsələləri həll olunur. Ərazilərin minalardan təmizlənməsi işləri aparılır. Əlbəttə, burada görülən işlərin böyüklüyü misilsizdir. Nəzərə almalıyıq ki, erməni vandalları 30 illik işğal dövründə torpaqlarımıza, abidələrimizə qarşı da soyqırımı tərədiblər.

Daşı daş üstündə qalmayan, tamamilə dağıdılmış, talan edilmiş ərazilərdə bu qədər nəhəng işlərin görülməsi bütün dünya tərəfindən heyrətlə qarşılanır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyii ilə işğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi Zəngilan məscidinin tikintisini də Heydər Əliyev Fondu həyata keçirir. Bunlar Azərbaycanın qüdrətli olduğunu bütün dünyaya nümayiş etdirir”.