ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində Demokrat Partiyasının namizədi olan türk əsilli Amerika vətəndaşı Cenk Uyğur İsrailin Qəzzada fələstinliləri ayrıseçkilik etmədən bombalamasını sərt şəkildə tənqid edib.
“Yeni Gundem” xəbər verir ki, “Gənc Türklər” proqramı ilə tanınan Uyğur Britaniya tok-şousunun aparıcısı Piers Morqanın İsrail-Həmas qarşıdurması ilə bağlı suallarını cavablandırıb: “Məncə, HƏMAS-ın etdikləri iyrəncdir. Mən günahsız İsrail vətəndaşları üçün ağlayıram. İsrailin Fələstin torpaqlarını işğal etməsinin “vəhşiliyinə” diqqət çəkən Uyğur “Ancaq mən sizin fələstinlilər üçün ağladığınızı görürəmmi?”
Cenk Uyğur İsrailin Qəzzada tətbiq etdiyi qeyri-mütənasib gücü tənqid edən hər kəsin antisemitizmdə ittiham olunmasına etiraz edib. Uyğur, “Müsəlmanlara və fələstinlilərə qarşı fanatizmdən bezdim. Və İsrailin sağçı hökumətinin hər çirkin, qəddar hərəkətini ört-basdır etmək və bunun antisemitizm olduğunu söyləmək əvəzinə, sizdən buna qarşı çıxış etməyinizi istəyirəm” deyib.
Ara-sıra səsini yüksəldən Uyğur, “Təsəvvür edin ki, uşağınızın adını ayağına, qoluna dağıntılar altında tapa bilmək üçün yazırsan, bu dəhşətdir” deyə O, İsrailin atdığı bombaların törətdiyi faciəni vurğulayıb.
İsrailin HƏMAS-la mübarizədə mülki vətəndaşların ölməsinə əhəmiyyət vermədiyini deyən Cenk Uyğur ABŞ-ın xüsusi təyinatlılarla Usamə Bin Ladenə qarşı əməliyyatını misal çəkərək, İsrailin baş naziri Binyamin Netanyahunun təcrübəsini “iyrənc” hesab etdiyini bildirib.
“Bu, kollektiv cəzadır. Bu, fələstinlilərə qarşı soyqırımdır və dünyanın səsini ucaltması lazımdır”, – Uyğur bildirib.
2024-cü il seçkilərində prezidentliyə namizəd olduğunu xatırladan Uyğur, ABŞ hökumətinin İsrail və Ukrayna üçün 105 milyard dollar tələb etməsini “təsdiq etmədiyini” bildirib.
1970-ci ildə İstanbulda anadan olan Uyğur 8 yaşında ailəsi ilə birlikdə ABŞ-a mühacirət edib. 2002-ci ildə qurduğu “Gənc Türklər” adlı proqramı ilə Uyğur uzun illər müxtəlif formatlarda milyonlarla amerikalıya müraciət edib.
Verilişində əsasən siyasi mövzuları şərh edən Uyğur qısa müddət MSNBC-nin də aparıcılığını edib. Uyğur 2019-cu ildə Kaliforniyadan Nümayəndələr Palatasına üzv olmaq üçün namizədliyini irəli sürüb, lakin praymerizdə qalib olmadığı üçün namizəd ola bilməyib.
Oktyabrın 12-də verdiyi açıqlamada Uyğur 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın bir çox mövzuda arxasında olduğunu iddia etdiyi ABŞ prezidenti Co Baydenə meydan oxuyaraq Demokratlar üçün yarışacağını bildirib.
Mənbə: Anadolu Agentliyi
Aynur Camal