Bu gün Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir – Ülviyyə Həmzəyevabackend

Azərbaycan Prezidenti cənab İlham Əliyev 29 aprel tarixində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda iştirak edərək öz çıxışı və iştirakçıların suallarını cavablandırmaqla Azərbaycan həqiqətlərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmış oldu.Biz bir daha şahidi olduq ki, dünyada gedən prosesləri dərindən bilən, yüksək intellekt, dərin analitik təfəkkürə malik dünya səviyyəli və dünya nüfuzlu siyasətçi liderimiz var!
Beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı bizə 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində dövlət başçısının apardığı mübarizəni xatırlatdı.

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.

Bu tədbir həm də ölkənin birinci şəxsi tərəfindən verilən mesajlarla yadda qaldı. Prezident ölkənin və bölgənin gələcəyi ilə bağlı dövlətimizin mövqeyini ifadə etdi, maraqlarımızı dünyaya çatdırdı.
Qeyd olunmuşdur ki, bəzi rayonlarımızda məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulması demək idi. Hazırda isə işğaldan azad olunmuş bölgələrimizdə genişmiqyaslı quruculuq işləri aparılır. Minalardan təmizlənmiş ərazilərdə mühüm infrastruktur layihələri həyata keçirilir, keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması üçün zəruri tədbirlər görülür.
Ölkə rəhbərinin ADA-da keçirilən tədbirdə yenidən analoji məsələni gündəmə gətirməsi Azərbaycan dövlətinin dəyişməz mövqeyi kimi xarakterizə oluna bilər.

Qeyd olunmuşdur ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Bunu isə İkinci Qarabağ müharibəsindən sonra baş verən pozitiv siqnal kimi qəbul oluna bilər.

Bu gün Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir.
Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün də yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.
Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirərək anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə öz torpaqlarına qayıdacaqlar və qonşuluq şəraitində yaşamalı olacaqlar.
Azərbaycan ərazilərində 30-dək su elektrik stansiyası Ermənistan tərəfindən məhv edilmişdir. Bu gün isə yeni enerji layihələri tikintisi üçün danışıqlar gedir.
Cənab Prezidentin konfransda səsləndirdiyi hər bir fikir bir daha sübut edir ki, həyata keçirilən müstəqil, qətiyyətli siyasət xalqımızın milli maraqlarına xidmət edir.
Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ölkələr arasıda əməkdaşlıq və qardaşlığın mahiyyətini əks etdirir. Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə isə Azərbaycanın strateji maraqlarına əsaslanır.
Minsk qrupuna gəldikdə isə Rusiya-Ukrayna müharibəsindən sonra elan edildi ki, Minsk qrupu həmsədrliyi artıq fəaliyyət göstərmir.
Konfransda Azərbaycana qarşı olan ikili standartlardan bəhs edərkən cənab Prezident İlham Əliyev Ermənistanın 30 illik işğalçılıq dövründə həmin ərazilərdə Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması, dünyada mədəni irsin qorunub saxlanmasını öz fəaliyyətinin prioriteti elan etmiş YUNESCO-nun buna laqeyd münasibətinə və “siyasi məsələlərlə məşğul olmamaq” adı altında həmin ərazilərə missiya göndərməkdən imtina etməsinə diqqət çəkdi.
Bu gün Zərdüştlük məbədi, məscid, katolik kilsə, pravoslav kilsə, erməni kilsəsi və sinaqoq – bütün bunlar ölkəmizin milli irsidir və biz onları qoruyub saxlayırıq. İşğal olunmuş ərazilərdə 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoyulmamışdır. Lakin minlərlə beynəlxalq nümayəndənin Şuşanı ziyarət etməsi və onların hamısının erməni kilsəsinə toxunulmamasını görmələri faktı, əksinə olaraq ermənilərin dağıtdığı məscidlərə rəğmən bu kilsənin bərpa ediləcəyi faktı indi UNESCO-nun regiona gəlmək marağını aşağı salır.
Azərbaycan multikultural dəyərlər və tolerantlıq nümunəsi olan bir ölkədir. Cənab Prezident İlham Əliyev bildirdi ki, son vaxtlar Qarabağdakı ermənilərdən Azərbaycana müsbət mesajlar da daxil olur.
Ermənilər sürətli iqtisadi inkişafın bir hissəsi olmaq, vahid Azərbaycan dövlətində təhlükəsiz, rahat yaşamaq üçün separatçı tendensiyalardan və istəklərindən vaz keçməlidirlər.
Konfransda Ölkə Başçısı bildirildi ki,10 ildən sonra Azərbaycan daha da güclü olacaq və həmin vaxta kimi Ermənistanla olan anlaşılmazlıqlar və problemlərin öz həllini tapacağına, üç Cənubi Qafqaz ölkəsi arasında sıx əməkdaşlığın olacağına ümidvar olduğunu bildirdi.
Azərbaycan dəfələrlə beynəlxalq təşkilatların dəstəyi ilə Ermənistanla ikitərəfli əlaqələrin qurulması təklifini irəli sürmüşdür. Azərbaycan tərəfinin xarici işlər nazirləri səviyyəsində, ekspertlərin görüşlərinin keçirilməsi, daha sonra vətəndaş cəmiyyəti səviyyəsində görüşlərin təşkil edilməsi təklifini Ermənistan tərəfi gəbul etməmişdir.
Cənab İlham Əliyev görüşdə Azərbaycan – Rusiya, Azərbaycan – Türkiyə əlaqələrinə, eləcə də hər iki dövlətin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında mühüm rol oynadıqlarına da toxundu.
Prezident çıxışında bildirdi ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamənin olması Azərbaycanın strateji maraqlarına əsaslanır. Rusiya Azərbaycanla qonşu dövlətdir və Qarabağ müharibəsindən sonra Rusiya Sülhməramlı qoşunları Qarabağda yerləşdirilib. Eyni zamanda Azərbaycanla Rusiya arasında uzunmüddətli iqtisadi əlaqələr mövcuddur və ölkəmiz Rusiyadan böyük həcmdə bazar qiymətlərinə silah alırdı. Lakin Ermənistana bu silahlar pulsuz çatdırılırdı.
Bu gün Qarabağda Türkiyə – Rusiya Monitorinq Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda Rusiya ilə Türkiyə arasında mövcud münasibətlər də nəzərə alınmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada atəşkəsin əldə olunmasında vasitəçilik edir. Azərbaycan qonşu dövlətlərlə – Rusiya, Türkiyə, Gürcüstan və İranla çox sıx əlaqələr qurmuşdur. Bundan əlavə Azərbaycanın beynəlxalq qurumlarla da əlaqələri yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Azərbaycanla Avropa İttifaqı arasında sıx münasibətlər mövcuddur. Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında, eləcə də sərhədlərin delimitasiya istiqamətində mühüm rol oynayır. BMT, ATƏT, QH, Aİ kimi nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın bölgədə yaratdığı reallığı gəbul edib. Cənab İlham Əliyev müharibə bitdikdən sonra ermənilərin bu ərazilərdə basdırdıqları minaların böyük insan tələfatına səbəb olduğunu xüsusi vurğuladı. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar bu gün də ərazilərin minalardan təmizlənməsinə Azərbaycana lazımı dəstək göstərmir.
Azərbaycan dövləti beynəlxalq iqtisadi layihələrdə çox fəal iştirak edir. Bugünkü çətin günlərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol hər kəsə bəllidir. Azərbaycanın təbii qazı Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyəyə, Gürcüstana, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac olunur.
Azərbaycan şərq-qərb nəqliyyat qovşağının yaradılmasında çox böyük işlər görüb. Məhz bu nəqliyyat dəhlizinin yaradılması dövlətlərarası yükdaşımanın həcminin artması ilə yanaşı, vaxta və maliyyə məsrəflərinin azalmasına səbəb olub. Bu gün Azərbaycan şimal-cənub nəqliyyat infrastrukturunun da fəaliyyət göstərməsində fəal rol oynayır.
Cənab İlham Əliyev aprelin 29-da “Cənubi Qafqaz: Inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı ilə bir daha sübut etdi ki, Azərbaycan dünya üçün çox vacib ölkədir.
İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişə bilən bir liderdir. Azərbaycanımız üçün müsbətə doğru yönəlik bu dəyişikliklər dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir!