Bu gün Bakıda Milli Geyim dəfiləsi keçiriləcəkbackend
Mayın 6-ı saat 19:00-da Bakıda “Qarabağ Azərbaycandır! Şuşa- Ənənədən Gələcəyə” adlı böyük dəfilə gecəsi keçiriləcək.
Bakı Milli Geyim Evi tərəfindən təşkil edilən, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış böyük Qarabağ zəfərimizə və Cənab Prezidentimiz tərəfindən elan olunmuş 2022-ci il “Şuşa İli”nə həsr olunan dəfilə gecəsi Daş Salnamə Muzeyində təqdim olunacaq.
Dəfilədə Qarabağ və Şuşaya aid 40-a yaxın qadın və kişi milli geyimləri, həmçinin, araqçınlar nümayiş olunacaq.
Qeyd edək ki, tədbirdə dövlət qurumları, səfirliklər, ictimai və mədəniyyət sahəsində çalışan tanınmış şəxslər, KİV-in nümayəndələri iştirak edəcək.
Məlumat üçün bildirək ki, Bakı Milli Geyim Evi yüzlərlə milli geyim hazırlayıb. Demək olar ki, bütün bölgələrimizin milli geyim mədəniyyətini özündə əks etdirən libaslarımızdan həm ölkəmizdə keçirilən müxtəlif bayram və şənliklərdə, mədəni tədbirlərdə, mərasimlərdə istifadə olunub, həm də xarici ölkələrdə keçirilən, Azərbaycanımızın milli-mədəni dəyərlərinin təbliğ edildiyi festival və tədbirlərdə təqdim edilib. Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi başda olmaqla, bir sıra səfirliklərimizin geyimlərini hazırlayıb. Həmçinin, Amerikada keçirilən “İpək Yolu” festivalında Bakı Milli Geyim Evi tərəfindən hazırlanmış Azərbaycanın tarixi-milli dəyəri olan geyimlər sərgiləyib. Eləcə də, Los-Anceles şəhərində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin yubileyinə həsr olunmuş “Arşın Mal Alan” tamaşasının geyimləri də məhz Bakı Milli Geyim evi tərəfindən hazırlanıb. Rusiya, Türkiyə, Amerika, Cənubi Koreya, Çin (2 dəfə), Fransa, Ərəb ölkələri, Özbəkistan və sair kimi ölkələrdə dəfilə və sərgiləri keçirilib.