Bu gün TDT Dövlət başçılarının fövqəladə sammiti keçiriləcəkbackend

Xəbər verdiyimiz kimi, bu gün Ankarada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının fövqəladə sammiti keçiriləcək.

“Yeni Gundem” xəbər verir ki, tədbirin Ankarada keçirilməsinin təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyevdir.

Belə ki, əvvəllər sammitin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş verən zəlzələ ilə bağlı prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Ankarada sammitin keçirilməsini təklif edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra müvafiq qərar qəbul edilib.

Sammitdə təbii fəlakətlərə qarşı mübarizə və humanitar yardım sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, qardaş Türkiyədə baş verən son zəlzələlərlə bağlı Türkiyəyə ən böyük dəstək verən ölkələrdən biri də Azərbaycan olub. Fevralın 6-dan martın 15-dək Azərbaycanın Türkiyəyə göstərdiyi humanitar və maliyyə yardımının ümumi məbləği 76 milyon 344 min 930 manat təşkil edir.

Fərahim Rəhimov