“Bu gün və ya sabah bu xəbər təsdiq olunacaq”backend

“Çox güman ki, yeddi rayonun azad olunmasından sonra beynəlxalq vasitəçilər Dağlıq Qarabağın aralıq statusunun müəyyən edilməsi yönündə müzakirələrin başlamasına cəhdlər edəcəklər. Amma Azərbaycan Prezidentinin bununla bağlı açıqlamalarından çıxış etsək, deyə bilərik ki, Dağlıq Qarabağa hansısa statusun verilməsindən söhbət gedə bilməz”.

Politoloq Elşən Manafovun müsahibəsini təqdim edirik.

– Cəbhədəki son durumu necə qiymətləndirirsiniz, qələbəyə nə qədər yaxınıq?

– Düşünürəm ki, qələbəyə yaxınıq. Rusiyanın media qurumları Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərinə daxil olması haqda məlumat yayırlar. Düzdür, hələlik Azərbaycandan bununla bağlı rəsmi açıqlama yoxdur, amma bir neçə gün əvvəl Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Araik Arutyunyan Azərbaycan ordusunun Şuşanın beş kilometrliyində olması haqda danışmışdı. Bu baxımdan, düşünürəm ki, bu gün və ya sabah bu xəbər təsdiq olunacaq. Digər yandan, Azərbaycan ordusunun Laçın dəhlizini nəzarətdə saxlaması, perspektivdə Kəlbəcərin də işğaldan azad ediləcəyi anlamında qəbul edilməlidir.

Çox güman ki, yeddi rayonun azad olunmasından sonra beynəlxalq vasitəçilər Dağlıq Qarabağın aralıq statusunun müəyyən edilməsi yönündə müzakirələrin başlamasına cəhdlər edəcəklər. Amma Azərbaycan Prezidentinin bununla bağlı açıqlamalarından çıxış etsək, deyə bilərik ki, Dağlıq Qarabağa hansısa statusun verilməsindən söhbət gedə bilməz. Erməni icması Azərbaycan qanunlarına tabe olacağı halda, dövlətimiz onların təhlükəsizliyi və insan haqlarına təminat verəcək. Necə ki, Azərbaycandakı digər etniklərin də mədəni, ictimai-siyasi və iqtisadi həyatlarında heç bir problem yoxdur. Bu münasibətlər sivil formada tənzimlənir.

– Ermənistan rəhbərliyi niyə din adamlarını orduya cəlb edir, zorla onları ön sıralara göndərir?

– Ermənistan rəhbərliyinin rəsmi mövqeyi ilə hərbi əməliyyatlar zamanı əsir alınmış din xadimlərinin verdikləri açıqlamalar arasında böyük ölçüdə ziddiyyətli fərqlər var. Erməni din xadimləri bəyan edirlər ki, onları hərbi əməliyyatlara zorla cəlb ediblər. Bu, onu göstərir ki, Ermənistanda demoqrafik resurslar tükənir. Ermənistan rəhbərliyi müharibəyə başlayarkən nəzərə almalı idi ki, Azərbaycanın əhali resursları onunla müqayisədə beş dəfə çoxdur. İki milyon əhalisi olan bir ölkə on milyon əhalisi olan bir ölkəyə qarşı duruş gətirə bilməzdi.

Üstəgəl, iqtisadi gücümüz Ermənistanla müqayisə olunmaz dərəcədə böyükdür. Artıq bu əməliyyatların Ermənistana 2.7 milyard dollar zərər vurduğu barədə açıqlamalar verilib. Digər yandan, daxili borcun artması da onu göstərir ki, Ermənistan bu müharibəyə duruş gətirmək imkanlarına malik olmayan tərəf idi.

Din xadimlərinin əməliyyatlara cəlb olunmasına gəldikdə, burada demoqrafiya ilə yanaşı, digər amillər də var. Ermənistan ciddi cəhdlə bu əməliyyatlara “sivilizasiyalararası savaş” donu geyindirməyə çalışır. Xüsusən də, Avropa-xristian birliyinə məsələni bu kontekstdə çatdırmaq istəyir. Öz “tezis”indən də istifadə edərək, Avropa ilə bərabər, Rusiyadan dəstək almaq niyyətindədir. Lap əvvəldən Ermənistan tərəfinin iddiası bu idi ki, bu, etnik bir savaşdır, sonra isə buna dini don geyindirməyə çalışdı.

Məlumdur ki, Fransada “Şarli Hebdo” jurnalı Məhəmməd peyğəmbəri təhqir edən karikatura dərc etdi. Fransa ilə yanaşı, digər Avropa dövlətlərində də İslamofobiyanın olduğunu göstərən faktlar var. Fransa tərəfinin bu addımı isə 1.5 milyard müsəlmanın etirazına səbəb oldu. Belə bir məqamda da, Ermənistan din xadimlərini ön xəttə göndərərək, prosesə dini don geyindirmək istədi ki, guya savaş xristianlar və müsəlmanlar arasında gedir. Amma Azərbaycanın nə qədər multikultural və tolerant ölkə olduğunu göstərən kifayət qədər faktlar var. Ən əsası, Ermənistanın monoetnik dövlət olması, Azərbaycanda isə 40-dan çox etnosun dinc şəraitdə yaşaması göstərir ki, qarşı tərəfin bununla bağlı cəhdləri heç bir nəticə verməyəcək.

Ermənistanın Gəncəyə raket zərbəsi endirməsi nəticəsində pravoslav məzhəbindən olan vətəndaşımızın həlak olması ilə bağlı Azərbaycandakı pravoslav və yəhudi icmalarının verdiyi açıqlamlar, hesab edirəm ki, Avropa dövlətlərinin diqqətindən yayınmayacaq.

– Ermənistan Müdafiə Nazirliyinin son açıqlamalarında da, məğlubiyyətləri dolayı yolla etiraf edilir. Belədirsə, bəs niyə Ermənistan rəhbərliyi məğlub olduğunu gördüyü halda, geri çəkilmir?

– Paşinyan iqtidarı vəziyyətin acınacaqlı olduğunu ona görə qəbul etmək istəmir ki, bu halda onun siyasətinin avantürist bir mahiyyətdə olduğu üzə çıxacaq. Bu durumda, onun öz siyasətinin saxtalığını ört-basdır etmək üçün imkanları qalmayacaq. Paşinyan gözəl başa düşür ki, erməni xalqı və siyasi qüvvələr bu müharibədəki məğlubiyyəti ona bağışlamayacaq. Bu müharibədəki məğlubiyyət Paşinyanı hakimiyyətə gətirən Soros Fondu və ona dəstək verən dövlətləri də şok vəziyyətinə salıb. Bunu ört-basdır etmək üçün də psevdo-millətçilik mövqeyindən geri çəkilmir, Ermənistanın sonadək mübarizə aparacağını bəyan edir. Halbuki müharibənin öz qanunları var.

Artıq Ermənistanın de-fakto məğlubiyyəti heç kəsdə şübhə doğurmur. Məsələ budur ki, Paşinyan Azərbaycandan Dağlıq Qarabağa güzəşt kimi təklif olunan statusu da qoruyub-saxlaya bilmədi. Hərçənd ki, belə bir status yox idi, 1991-ci ilin noyabr ayında bu status ləğv edilib. Danışıqların mahiyyəti də beləydi ki, yeddi rayonun qaytarılmasından sonra İrəvan və Bakı arasında Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələr getməli idi. Amma indi bu danışıqlara ehtiyac qalmayacaq. Çünki status-kvo dəyişib, təmas xətti yoxdur.Teleqraf