“Bu minalar düşmən tərəfindən son günlərdə həmin yollarda basdırılıb”backend

Bu gün Kəlbəcər rayonunda jurnalistlərin minaya düşərək həlak olduğu yolda ermənilərin son günlərdə terror hazırlaması barədə fikirlər sosial şəbəkələrdə müzakirə olunur.

“Yeni Gündəm” xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev bu məsələni şərh edərək bildirib ki, növbəti dəfə mülki vətəndaşlarımız işğalçı Ermənistanın ərazimizdə yerləşdirdiyi minanın qurbanına çevriliblər: “Jurnalistləri müşaiyət edən nümayəndələrin onları daşıyan avtomobili əvvəllər istifadə olunmayan, minaların təmizlənmədiyi və ya yoxlanılmayan yoldan istifadə etməsi mümkün deyil. Bir neçə dəfə bu səfərlərdə iştirak edən birisi kimi, tam əminliklə bunu iddia edirəm.

Böyük ehtimalla bu minalar düşmən tərəfindən son günlərdə həmin yollarda basdırılıb. Birinci Qarabağ müharibəsi zamanı da buna bənzər hadisələrə rast gəlirdik və itkilərimiz də olurdu.

Ermənistanın son zamanlar törətdiyi təxribatları ardıcıllıqla nəzərdən keçirsək görərik ki, düşmən diversiya qruplarının fəaliyyətində daha çox minalar ilə intensiv istifadə olunan yolların istismarına imkan verməməyə və bununlada Qarabağa qayıdış prosesini ləngitməyə çalışır.

Baş verən hadisələr bir daha sübut edir ki, təslim olan və 7 aydır ki, minalanmış ərazilərin xəritəsini verməyən Ermənistan öz mənfur niyyətlərindən əl çəkmək niyyətində deyil. Odur ki, aidiyyəti qurumlar düşmən təxribatlarının qarşısını almaq üçün zəruri addımlar atmalı, bu diversiya fəaliyyətlərinə cəhd edən qrupları yerindəcə zərərsizləşdirməlidir. Baş veren bu və əvvəlki hadisələr Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin askar sübutudur”.