Bunlar 1-2 ilin işi deyil”- Nazir Qayıbovdan mühüm açıqlamalarbackend

Dünən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycanın dörd informasiya agentliyinə müsahibə verib.

“Yeni Gundem” xəbər verir ki, Fərid Qayıbov ilin yekunları sualına belə cavab verdi:

“Artıq müəyyən analizlər etməyə başlamışıq, düşünürük ki, Azərbaycan idmanı üçün uğurlu il alınıb. İdmançılarımız irimiqyaslı yarışlarda iştirak etdilər. Azərbaycanda böyük yarışlar keçirildi. Ümumiyyətlə, idmançılarımızın nəticələrinə baxdıqda görərik ki, bu il bir neçə sahədə ilklərlə yadda qaldı. Müxtəlif idman növlərində idmançılarımız ilk dəfə medallar qazandılar. Bura Avropa və dünya çempionatları da daxildir. Demək olar ki, hər bir federasiya bu il qazandığı yeni uğurları ilə fəxr edə bilər. Olimpiya növlərində bütün federasiyaların hədəfi 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına mümkün qədər çox lisenziya əldə etməkdir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq sonuncu Olimpiada 2020-ci ildə deyil, 2021-ci ildə keçirildi. Bizim vaxtımız da azdır. Əvvəlki kimi 4 yox, 3 il vaxtımız var vəsiqələr qazanmaq üçün. Amma hesab edirəm ki, hətta bütün neqativliklərə, dünyanı cənginə alan COVID-19-a rəğmən federasiyalarımız öz işlərini düzgün qura bildilər. Doğrudur, növbəti il bundan da çətin olacaq, amma belə getsə, düşünürəm ki, nəticələrimiz daha da yaxşılaşacaq.”
Nazir Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi haqqındada danışıb.
“Bizim Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri ilə sıx əməkdaşlığımız var. Bu il ərzində iki dəfə olmuşam orada. Birlikdə aktiv çalışırıq. Bir neçə tədbir keçirmişik. Bu yaxınlarda yeniyetmələr arasında Beynəlxalq Şahmat Olimpiadası keçirildi və yüksək səviyyədə təşkil olunmuşdu. Bundan əlavə, mən oradakı idman qurğuları ilə tanış olmuşam. İdmançılarla görüşmüşük, bizə iradları da oldu ki, bir azca uzaqda qalıblar. Beynəlxalq tədbirlərdə onları da dəvət edəcəyik. Çalışırıq ki, sıx əməkdaşlıq edək, bu vaxta qədərki əməkdaşlıqlarımızda da heç bir sıxıntı yaşamamışıq.”
Fərid Qayıbov gənclər siyasətindəki vətənpərvərlik rolundanda bəhs edib;
“Ölkə başçısının tapşırığı ilə biz bunları əsasən regionlarda etdik. Əsas məqsəd region gənclərinin maarifləndirilməsi idi. Şəkidəki Olimpiya Kompleksində vətənpərvərlik mövzusunda böyük bir düşərgəmiz oldu. Fürsətdən istifadə edib orda təlim keçən qazilərimizə təşəkkürlərimi çatdırmaq istəyirəm. Onlarla birlikdə sonradan bir neçə layihə yenə keçirdik. Əməkdaşlarımız da deyirdilər ki, bütün düşərgələrin içində ən populyarı məhz vətənpərvərlik mövzulu olan idi. Orada gənclərlə söhbət edərkən mən özüm də buna şahid oldum ki, gənclərimiz necə həvəsli və maraqlıdırlar. Onlar şikayət edirdilər ki, altı gün azdır. Bir də istəyirdilər ki, belə layihələr işğaldan azad edilmiş ərazilərdə, Qarabağda da olsun. Bir maraqlı faktı da deyim ki, gənc qızlarımızın daha çox xoşlarına gəlmişdi bu təlimlər. Onlar deyirdilər ki, bizim üçün əsgərlik yoxdur, amma şans oldu silahla tanışlıq üçün. Ümumiyyətlə, bizim Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş qazilərimiz 5 gün ərzində gənclərə elə şeylər öyrətmişdilər ki, mən məəttəl qalmışdım ki, doğrudan da qısa müddətdə bu qədər şeyi öyrənmək mümkündürmü? Çox sevinirəm ki, gənclərimizin əksəriyyəti belə bir ruhda yetişirlər.

Yeri gəlmişkən, deyim ki, qış düşərgələri haqqında da düşünürük, layihələrimiz var və bir neçəsini keçirməyə hazırıq.”
Şuşa-Xankəndi yolunda ki, aksiyada gənclərin rolundan danışan nazir vurğulayıb ki,aksiyada onların aktiv şəkildə iştirakı normaldır
“Bir az əvvəl də qeyd etdiyim kimi, bizim cəmiyyətimizin 25%-ni gənclər təşkil edir. Bu baxımdan istənilən təşəbbüsdə, aksiyada onların aktiv şəkildə iştirakı normaldır. Gənclər bu kimi təşəbbüslərdə öndə olmalıdırlar. Orda həm könüllülər təşkilatlarının üzvləri, həm də sıravi gənclər var. Özləri yazılıb getmək istəyiblər. Bu gün biz görürük ki, gənclərimiz hər bir çağırışa hazırdırlar.”

Fərahim RƏHİMOV