“Bunu etməklə faciəyə səbəb ola bilərsiniz” – PAYLAŞIMLARA DİQQƏT!backend

“İndiki şəraitdə istər media nümayəndələri, istərsə də sosial şəbəkə istifadəçiləri maksimum şəkildə diqqətli olmalı, düşmənin işinə yarayacaq hər hansı bir məlumatı paylaşmamalıdır”.

Bu sözləri Redaktor.az-a media eksperti Qulu Məhərrəmli son günlər sosial şəbəkə və bəzi saytlarda ordu ilə bağlı məxfi saxlanılması lazım olan sirlərin paylaşılmasına münasibət bildirərkən deyib.

“Bu, medianın, ümumilikdə cəmiyyətin və sosial şəbəkənin ciddi problemidir ki, müharibə vəziyyətində, ekstrimal vəziyyətdə yayılması qadağan olan informasiyanı yayırlar. Özünə hörmət edən media qurumları daha çox Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlara istinad etməlidir. Əslində qismən də olsa, media qurumları bunu edir. Lakin sosial şəbəkələrdə buna əməl olunmur. “Facebook”da gərəksiz, heç kimə fayda olmayan, yalnız düşmən tərəfinin istifadə edə biləcəyi məlumatlara rast gəlinir. Bu məlumatların bir çoxu qeyri dəqiq və reallığı əks etdirmir. Ümumiyyətlə, bir çox məsələlər var ki, onların haqqında danışmaq, yazmaq olmaz. Bizim əhəmiyyətsiz saydığımız hər hansı bir məlumat, foto video düşmənə xeyir, ordumuza isə ziyan verə bilər. Bunu dərk etmək lazımdır. Hesab edirəm ki, bu məsələdə işini bilən şəxslər, jurnalistlər, ziyalı təbəqələr kəskin reaksiya verməlidir. Bunun qarşısı mütləq alınmalıdır, əks halda bu, böyük faciələrə yol aça bilər”.