BVF Özbəkistana koronavirusla mübarizə üçün 375 milyon dollar ayırdıbackend

Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası Özbəkistana koronavirusla mübarizə üçün 375 milyon dollar ayırmaq qərarına gəldi.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə fondun saytında məlumat verilib.

“BVF İcra heyəti, Özbəkistanın COVID-19 pandemiyasına qarşı mübarizəsini dəstəkləmək üçün sürətli kredit mexanizmi və sürətli maliyyələşdirmə aləti çərçivəsində 375 milyon dollar ayrılmasını təsdiqlədi”, – fond bildirib.

Güzəştli kreditlər arasında 10 il müddətinə (5 illik güzəşt müddəti daxil olmaqla) 125 milyon ABŞ dolları məbləğində faizsiz sürətli kredit vermə xətti (Rapid Credit Facility) və 5 il müddətinə (3 illik güzəşt müddəti daxil olmaqla) illik faiz dərəcəsi 1.05% olmaqla 250 milyon ABŞ dolları məbləğində sürətli maliyyələşdirmə aləti (Rapid Financing Instrument) daxildir.

Bu vəsait Özbəkistanda qlobal böhranın və koronavirus pandemiyasının mənfi təsirini azaltmaq üçün tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.