Caduya inanan, hər kəsdən şübhələnən narsist Primadonnabackend

Avqustun 17-si onun doğum günüydü – Səhnəmizin Primadonnasının. Amma həmin gün o qədər səssizik, sükut oldu ki, yada belə düşmədi, kimsə adını anmadı…

Sağlığında isə bu tarixdə – 17 avqustda, demək olar, əksər kanalllarda bütün səhər proqramları ona həsr olunurdu, çal- çağır, vur çatlasın…

Bir zamanlar getdiyi hər məclisdə özünə qarşı böyük diqqət tələb edən, ajiotaj yaradan sənətkar ölümündən çox keçməmiş unuduldu. Bəlkə də unudulmadı, sadəcə, əziyyət verdiyi həmkarları onu unutmağa çalışdılar. Ömrünün son illərində xarakteri ilə ətrafındakıları özündən çox incik salmışdı, dili ilə çox incitmişdi. Bıçaq yarası sağalar, dil yarası sağalmaz. Sağlığında ona hədiyyələr verən, ətrafında olmağa çalışan, onun  verdiyi “fəxri adlarla” əlinə mikrafon alıb, ortalığa çıxanlar susdular, kənara çəkildilər. Bəlkə də göylərdən ruhu zümzümə etdi dünən:

“Eşqimiz elə bu qədərmiş?

Məhəbbət qürbətə gedərmiş,

Bilməzdim, bilməzdim, bilməzdim…

Onu təxminən 20 il öncə Arif Qazıyevin rəhbərlik etdiyi Muğam Teatrında görmüşdüm. Arif Qazıyevdən müsahibə alacaqdım, o da gəlib çıxdı. Həmin gün nəsə tədbir olacaqdı deyə, tanınmış müğənnilərdən bir çoxu orda idi. Eyni masa arxasında oturduq. O yadımda qalıb ki, ağappaq, təmiz çöhrəsinin gözəlliyinə heyran qalmışdım. Şəffaf deyiləcək qədər gözəl dərisi var idi. Ekranda göründüyündən daha gözəl idi. Amma sadəcə üzü. Qarşısına bir boşqab düşbərə gətirildi. Yedi, bir boşqab da istədi. Onu da yedi, üçüncünü sifariş edəndən sonra narazı çöhrəylə Arif Qazıyevə dedi: “Arif, öz aramızdır, dadı yoxdur. Bu nə düşbərədi belə”.

Arif Qazıyev onun üzünü yana tutub ətrafdakılara baxmasından istifadə edib dodaqaltı mızıldandı: “Dadı yoxdur, yemə də, iki boşqab yeyib indi deyir”.

İlhamə xanım yeməkdən sonra  bir kraliça ədası ilə oturmuş, gələn gənc müğənnilərə böyük ədası ilə baxır, əl uzadır, əlini öpdürürdü.

O sənətkar kimi tanınmaq üçün özünü saydırmaq, zorla qəbul etdirmək məcburiyyətində idi sanki. Yaşadığı mühit onu buna məcbur eləmişdi.

70-ci illərin əvvəllərində dünyaya göz açan qızların əksəriyyətinə ataları İlhamə adını qoyurdu – efirlərə çıxan sarışın, gözəl müğənninin şərəfinə. Görünüşcə 70-ci illərin fransız aktrisalarını xatırladırdı. Elə mən də onun adını daşıyanlardanam. Amma adımı sevə bilmədim heç. Ağlım kəsəndən onu narsist kraliça kimi gördüyümə görə.

Düzünü desək, o dövrün möhtəşəm sənətkarları fonunda İlhamə Quliyevanın sənətkarlığı çox da gözə çarpmırdı. Amma gözəlliyi ulduz kimi parlayırdı. Səsinin gücü öz dediyinə görə, bütün müğənnilərdən çox idi, 4 oktava olduğunu iddia edirdi.

90-cı illərin ortalarında şou-biznes deyə bir ifadə ilə tanış olduq və bu amansız dünyada “taxt oyunları” başladı. Hər kəs özünü bir nömrəli elan edir, özünə təmtəraqlı təxəllüslər seçir, “mənəm-mənəm” deyirdi. O ərəfədə səhnəmizdə “elit starlar”, “nömrə birlər”, “imperatorlar”, “əjdahalar”, “krallar”, “qızılsəslər” boy göstərib, meydan sulamağa başladı və bu bir-birinə bənzəyən, eyni zamanda bənzəməyən ordunun başında rəhbərlik etməyi üzərinə “Primadonna” təxəllüsü ilə İlhamə xanım götürdü. Öz təbiri ilə desək, yumruğunu vurduğu yerdə sükut yarandı, kimə hansı sözü istədi, “yedizdirdi”.

Hələ gənclik illərindən Xalq artisti Flora Kərimova ilə aralarında düşmənçilik hökm sürürdü. Səbəb sənət yarışı deyildi. İnsafən, hər ikisi müsahibələrində bir-birlərinin səsi, sənəti barəsində xoş sözlər işlədirdilər, hər nə qədər bir-birləri ilə küsülü olsalar da, dindirməslər də.

Bəlkə bu iki sənətkardan geriyə örnək olaraq qalacaq tək addım da budur – küsülü  olsalar da, sənətə verdikləri dəyər! Amma insan olaraq bir-birlərini qəbul edə bilmədilər. Ortaq nələri vardı? Sevgiləri. İkisi də eyni kişini sevirdi, Flora xanımın ərini…

Flora Kərimova  verdiyi müsahibələrdən birində demişdi ki, əri ilə İlhaməyə görə küsülü olub, günlərlə onu dindirməyib. Həyat yoldaşı müğənninin könlünü almaq  üçün ona bir avtomobil hədiyyə edib. O isə avtomobilin üzünə belə baxmadan, açarlarını balkondan aşağı atıb. Həyat yoldaşı acıqlanıb və həmin avtomobili İlhaməyə bağışlayıb.

İlhamə Flora xanımın əri vəfat edəndə onların evinə gəlib və həmin mərasimdə də qalmaqal yaradıb.

Onları çox barışdırmağa çalışdılar, amma barışmadılar, Flora xanım hətta ölümündən sonra da İlhaməni bağışlamadığını deyirdi və halallıq vermirdi.

 

Ümumiyyətlə, bahalı hədiyyələr almağı sevərdi, səhnədə bahalı aksessuarları, qızıl- brilliantı ilə öyünərdi. Səhnə həyatına atılmaq istəyən, İlhamənin himayəsində olmaq istəyən hər müğənni bir brilliant qaşlı zinət əşyası qarşılığında ondan xeyir-dua alırdı.

Yaxınlarının dediyinə görə, əslində o, amansız xarakterini özünə qalxan eləmişdi, zəif görünməmək üçün.

Tromboemboliyadan əziyyət çəkirdi, son zamanlar hətta yeriyə də bilmirdi, lakin səhnəyə çıxanda o qədər şux görünürdü ki, kimsə onun xəstə olmasına inanmırdı. Yeri gəlmişkən, İlhamə xanım elə bu xəstəliyin yaratdığı fəsadlara görə həyatını itirdi. Başqa bir xarakterlə yaşasaydı, sevilə bilərdi.

1943-cü ildə Lənkəran şəhərində Xalq artisti Tükəzban İsmayılova və prokuror Məzahir Quliyevin ailəsində doğulmuşdu. Sonralar Tükəzban xanım tarzən Həbib Bayramovla ailə qurmuş, İlhamə xanım da bu ocaqda naz-nemət içində böyümüşdü. Hələ lap gəncliyindən ölkənin tanınmış sənətkarlarının içərisində olmaq şansı qazanmış, ən tanınmış bəstəkarlar onun üçün mahnılar yazmışdılar. Yeri gəlmişkən, İlhamə xanım sağlığında bu mahnıları başqalarının oxumasına icazə vermirdi. “Neylərsən” mahnısı onun səhnədə ikinci ömrünün başlanğıcı oldu. “Yaşın nə fərqi var ki” isə hətta onu sevməyənlərin belə aforizminə çevrildi.

İlhamə Quliyevanı bir müddət səhnələrdə Mirmövsümova soyadı ilə gördük. Sonra yenidən öz soyadına qayıtdı. Faiq Mirmövsümov biznesmen idi və bu ailə çox sürmədi. Lakin hərdən bir həyat yoldaşının İsveçdə yaşadığını, çox sevildiyini deyirdi. Bu onun pəmbə yalanlarından biri idi.

 

Bir çox həmkarı ilə də küsülü idi. Əsas səbəb, olduğu məkanlarda özünün bir nömrəli kimi qəbul etdirmək, “əlini öpdürmək” ididası idi. Xalq artisti Nazpəri Dostəliyeva, Elza Seyidcahanla hətta efirdə qalmaqal yaşadı. Nazpəri Dostəliyevanı məhkəməyə verib, təzminat belə aldı.

 

Yamanca caduya inanırdı. Hətta özünü qorumaq üçün bahalı ekstrasenslərə müraciət etdiyini də dilə gətirmişdi bir dəfə.

Bax belə idi o, özünü xalqın sənətkarı adlandıran kaprizli kralica. Övladı olmamışdı, qohumlarından bir oğul etmişdi özünə, onu böyütmüşdü, lakin ölümü ilə bu nağıla da son qoyuldu. Onu mirasçısı etmədi. Mirası uğrunda doğmaları arasında yarış başladı, Sultan Süleymana qalmayan dünya İlhaməyə də qalmadı. Nə dünya qaldı, nə də bir neçə balon dolusu iddia etdiyi qızılları. Kimə qismət oldu? Bunun da üstündən sükutla keçilir. Kimlər əkdi, kimlər yedi… Dünyanın qanunu budur.

İlhamə Quliyeva 2016-cı il fevralın 26-da tromboemboliyadan vəfat edtdi. İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn olundu.

Dəfnində çox az sənətkar iştirak etdi, anım günlərində də çox az adam adını andı…

 

Özü getdi, amma səsi qaldı, “Kaman”ı qaldı, “Ağ çiçək”ləri qaldı, “Göy göl”ü qaldı, “Toy”u qaldı…

Eh İlhamə xanım, çox deyirdin “Unut məni”.  Sənət yoldaşların bu dəfə də sözünü eşitdilər, unutdular səni…

Lent.az