Çağrı Erhan: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırbackend

“Dünyanın heç yerində belə səhnələr görməmişdim. Bir dənə bina salamat qalmayıb. Ermənistanın müharibə dövründə mülki əhaliyə qarşı əməlləri beynəlxalq tribunala çıxarılmalıdır”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu bu gün ADA Universitetində təşkil olunan “44 Günlük Zəfər Yolu” konfransında Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Altınbaş Universitetinin rektoru, professor Çağrı Erhan deyib.

O qeyd edib ki, artıq Dağlıq Qarabağ münaqişəsi həll olunub, Qarabağ Azərbaycanın tərkib hissəsidir: “Qarabağ Azərbaycanın daxili işidir. Ölkələr qonşularının ərazi bütövlüyünə, sərhədlərinə hörmətlə yanaşmalıdırlar. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Eyni zamanda, Ermənistanı Türkiyənin də ərazi bütövlüyünü tanımağa çağırırıq. Bu cür əsassız addımlar aradan qaldırılmayana qədər sülhə doğru addımlaya bilməyəcəyik”.