Cavanşir Feyziyevin 35 milyonu müsadirə olunur? – Britaniyadan AÇIQLAMAbackend

Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) azərbaycanlı deputat Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğluna məxsus bank hesablarında olan 15 milyon funt-sterlinq (34,7 milyon AZN) pulu “çirkli pul” saydığından müsadirə etmək niyyətindədir.

Cinayətkarlıqla Mübarizə Agentliyindən BBC News Azərbaycancaya bildirilib ki, təhqiqat qrupu “kifayət qədər sübut topladığından” iş məhkəməyə gedib, amma qurum məhkəmə prosesi getdiyi üçün hələlik təfərrüata vara bilməyəcəklərini açılayıb.

Milli Məclisin deputatı Cavanşir Feyziyev hazırda Azərbaycanda deyil, köməkçisi Akif Salamov BBC News Azərbaycancaya onun noyabrın 10-dan sonra ölkəyə qayıdacağını söyləyib.

“Ya Strasburqdadır, ya da Londondadır”, – o deyib və cənab Feyziyevin “dövlət tapşırığı ilə” getdiyini vurğulayıb.

Cinayətkarlıqla Mübarizə Agentliyi hesab edir ki, Feyziyevin ailəsinə məxsus olan vəsaitlər Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) tərəfindən 2017-ci ildə aşkar edilmiş geniş pul köçürmə sistemi vasitəsilə yuyulub.

Nə Feyziyevə, nə də onun ailə üzvlərinə qarşı hər hansı ittiham irəli sürülüb, OCCRP-nin saytında yayılan məlumatda deyilir. Cavanşir Feyziyev çirkli pulların yuyulması və ya hər hansı qanunsuz fəaliyyətdə iştirakını qəti şəkildə inkar edir.

BBC News Azərbaycanca Cavanşir Feyziyevlə əlaqə saxlaya bilməyib.

Bu həftə Londondakı keçirilən mülki məhkəmə dinləmələrində NCA nümayəndəsi maliyyə vəsaitlərinin ölkəyə “Azərbaycan Camaşırxanası” (“Azərbaycan landromatı”) sxemi ilə gətirildiyini əsaslandıran ətraflı təhlil təqdim edib.

NCA-ya əsasən, bu pulların mənbəyi “qeyri-qanuni” olub, çünki onları Azərbaycandan çıxarmaq üçün vəsaitin mənşəyini gizlətmək məqsədilə saxta sənədlər və bir neçə ofşor şirkətdən istifadə olunub.

15 milyon funt-sterlinqin 7,86 milyonu Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevanın, 6,4 milyonu isə onun oğlu Orxan Cavanşirin əlindədir, məlumatda deyilir. Bu pulun bir hissəsinin ölkədə yaşamaq imkanı verən investisiya vizası proqramına yatırıldığı qeyd olunur. Ümumi məbləğin daha kiçik bir hissəsinin, bir milyon funtdan bir qədər artıq məbləğin Feyziyevin qardaşı oğlu Elman Cavanşirin əlində olduğu bildirilir, Böyük Britaniyanın The Evening Standart saytı yazır.

NCA-nın nümayəndəsi Collingwood Thompson Westminster məhkəməsində deyib ki, Azərbaycanda “iri “Avromed” əczaçılıq şirkətinin həmtəsisçisi doktor Feyziyevin özü” müsadirə prosesinin “subyekti olmasa da”, o “bu işin mərkəzində dayanıb”, çünki müsadirə olunması istənilən vəsaitlər onun “nəzarətindəki bank hesablarından” gəlib.

Cənab Thompson deyib ki, pul vəsaiti deputatın Latviyada bankındakı hesabından gəlib, bu hesaba isə təxminən 34,5 milyon dollarlıq köçürmə Feyziyevin həmtəsisçi olduğu “Avromed” şirkətinin eyni bankdakı hesabından edilib.

O, məhkəmədə bildirib ki, “Avromed”in bu hesabına Azərbaycan “camaşırxana sxeminin fəaliyyətinin əsasını təşkil edən iki şirkətdən – Hilux və Poluxdan ayrı-ayrılıqda, ümumi məbləği 36 milyon dollar” olan vəsait daxil olub.

Cənab Thompson deyib ki, bu köçürməyə “haqq qazandırmaq üçün göstərilən əməliyyatlar” həqiqi deyil.

O əlavə edib ki, deputatın arvadı və oğluna pul köçürməsinin məqsədi onlara investisiya vizası çərçivəsində hazırda daimi yaşadıqları Britaniyaya köçmək imkanı yaratmaq olub.

Cənab Thompson-un açıqlamasına görə, doktor Feyziyev 2013-cü ildə viza müraciətində özünü “camaşırxana sxeminin mərkəzində duran “Avromed” şirkətinin icraçı direktoru kimi təqdim edib, amma sonradan onun şikayəti üzrə baxılan böhtan iddiasına dair Ali Məhkəmədə keçirilən dinləmədə deyib ki, o, 2010-cu ildə şirkəti tərk edib.

Feyziyevlərin vəkili Çarlz Bott məhkəmədə bildirib ki, NCA bu iddianı “üç milyonçunun hesabına edilmiş köçürmələrin təbiəti barədə “yanlış təsəvvürlər”, “ümumiləşdirilmiş ehtimallar” və “şişirdilmiş nəticələr” əsasında hazırlayıb.O əlavə edib ki, Agentlik sözügedən vəsaitlərin hər hansı “cinayət pozuntusu” ilə bağlı mənbədən gəldiyinə dair “heç bir əsaslı sübut” təqdim etməyib və vəkilin qənaətincə, “qanuni yolla alınmış mülkiyyət” çirkli pulların yuyulması kimi “qanunsuz prosesdən keçməklə əldə olunub” səbəbi əsasında müsadirə oluna bilməz.

Məhkəmədən kənarda ailənin yaydığı bəyanatda da NCA-nın iddiaları rədd olunur və vurğulanır ki, sərvət Cavanşir Feyziyevin “uğurlu biznes karyerası”ndan əldə edilib və onun özü “çirkli pulların yuyulmasına qarşı olaraq bununla mübarizə aparıb”.

Londonda keçirilən məhkəmənin 3 həftəyə yaxın davam edəcəyi gözlənir.

Milli Məclisin saytında verilmiş xəbərə görə, Cavanşir Feyziyev oktyabrın 24-də Londonda İkinci Qarabağ müharibəsinin ildönümü ilə bağlı tədbirlərə qatılıb.