Cavid Osmanov: “Nə oldu, Əli Əliyev?!”backend

“Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Əliyar Şirməmmədovun müavinlikdən və ümumiyyətlə bu partiya sıralarından istefa verməsi partiyadaxili bir çox qaranlıq məqamlara aydınlıq gətirmiş oldu. Əslində bu partiya elə də ciddi bir partiya hesab edilə bilməz, çünki cırtdan bir partiya olan Vətəndaş və İnkişaf Partiyası özünü partiya sədri adlandıran youtuber Əli Əliyevin inhisarındadır. Sədr müavini olmuş şəxsin müavinlikdən istefa verməsini əslində adi bir hal kimi qarşılamaq olardı. Lakin müavinliklə bərabər partiya sıralarından istefa verməsi isə partiyadaxili münasibətlərin kritikliyindən xəbər verir”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu deputat Cavid Osmanov bildirib.

“Əli Əliyev vəziyyəti görün hansı həddə çatdırıb ki, 30 illik dost olmuş şəxs onunla yollarını ayırmaq məcburiyyətində qalıb. Uzun müddət partiyada sədr müavini olmuş şəxs mətbuata verdiyi açıqlamada istefasının əsas səbəbini Əli Əliyevin diktator xislətli olması və partiyanı diktatorcasına idarə etməsi ilə əlaqələndirib. Bir anlıq düşünün ki, partiyada müavin olaraq müəyyən səlahiyyətlərə sahib olan  şəxs sədrin bu cür qeyri-adekvat davranışından təngə gəlir və istefa verir. Belə olan halda bu partiyada sıravi üzv olan şəxslərin vəziyyətini, onların üzləşdikləri problemləri təsəvvür etmək heç də çətin deyil. Bu hal Əli Əliyevin kiçik bir partiyanın belə idarə edilməsində səriştəsiz biri olduğunu deməyə əsas verir və onun fiaskoya uğradığını göstərir.

Bütün bu baş verənlərdən sonra Əli Əliyev partiya sədrliyindən istefa verməli və siyasətlə məşğul olmaq cəhdlərindən əl çəkməlidir. Müavinin istefa verməsi özünü demokrat, azad söz, şəffaflıq tərəfdarı kimi qələmə verən Əli Əliyevin eyni zamanda ifşası oldu. Qeyri-vaxt demokratiydan danışan Əli Əliyevə bu yerdə belə bir sual vermək əsil yerinə düşər. Nə oldu, Əli Əliyev?!” – C.Osmanov qeyd edib.