Cavid Osmanov qazi və şəhid ailələri ilə görüşüb – FOTOLARbackend

Millət vəkili, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov Vətən müharibəsində yaralanaraq ayağını itirən qazi İsayev Ayxan İlqar oğlunun Ağdaş şəhərində yaşadığı evdə olmuş, onunla və ailə üzvləri ilə görüşmüşdür.

Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhidlik zirvəsinə ucalan mayor Mayılov Emil Şahid oğlunun Ağdaş şəhərində keçirilən yas mərasimində iştirak etmiş, ailə üzvlərinə başsağlığı vermişdir.

Cavid Osmanov Gürcüva kəndində şəhid Hacıyev Murad Eynulla oğlunun, Tofiqi kəndində şəhid Əliyev Elşad Mehman oğlunun, Ağcayazı kəndində şəhid Səlimzadə Ramil Raqif oğlunun ailə üzvləri ilə görüşmüş, həmçinin Ağdaş şəhərində şəhid Məmmədov Elvin Eldəniz oğlunun ailəsində olmuş, onun bacısı balaca Dənizi ad günü münasibəti ilə təbrik etmişdir.

Keçirilən görüşlər zamanı 44 günlük Vətən müharibəsində minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğu söylənilmişdir. Görüşlərdə onları narahat edən məsələlər dinlənilmiş, edilən müraciətlər qarşılıqlı diskusiya şəraitində müzakirə olunaraq həlli yolları barədə fikir mübadiləsi aparılmışdır.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə yaralanmış və şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizin ailə üzvləri dövlət səviyyəsində qazi və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, ölkə Prezidenti, müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.