Cəlil Xəlilov: Hərbi sirrin qorunması kimliyindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq və vicdan borcudurbackend

Hərbi sirrin qorunması kimliyindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq və vicdan borcudur.

Bunu müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib.
Polkovnik bildirib ki, hər bir Azərbaycan vətəndaşı bu həqiqəti daim yadda saxlamalı və öz fəaliyyətində rəhbər tutmalıdır: “Hərbi sirrin qorunması, yayılması qanunla qadağan edilən informasiyaların məxfi saxlanılması Azərbaycan Respublikasının müvafiq qanunlarında ehtiva edilən, aydın və izahlı şəkildə əksini tapan məsələlərdir. Bu, o deməkdir ki, hər hansı hərbi məlumatın yayılması ilk öncə qanunun pozulması, onun tələbinin nəzərə alınmamasıdır. Bu isə heç şübhəsiz qanuni pozan şəxsin müvafiq qaydada məsuliyyətə cəlb edilməsini şərtləndirir. Lakin bu məsələdə qanun faktoru məsələnin sadəcə bir tərəfidir. İşin həm də mənəvi-vicdani tərəfi var ki, bu da qanunu amildən heç də az əhəmiyyət kəsb etmir.
Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, onun yayılması qanunla qadağan edilən informasiyanı yayması adi qanun pozuntusu deyil. Bu, dövlətin təhlükəsizliyinə zərbə vurmaq, insanların həyatını təhlükəyə atmaq deməkdir. Çünki bu cür informasiyalardan Azərbaycana düşmən olan qüvvələr də bəhrələnir ki, bu da təhlükəsizliyimiz üçün ciddi risk və təhdidlər yaradır. Məncə, heç bir azərbaycanlı istəməz ki, onun ehtiyatsızlığı və ya məsuliyyətsizliyi səbəbi ilə dövlətimizə, xalqımıza zərrə qədər də ziyan dəysin. Buna görə də, hər bir vətəndaş həm mediada, həm də sosial mediada bu məsələlərə son dərəcə ehtiyatlı yanaşmalı, hərbi sirrin yayılmasına yol verməməlidir”.
Polkovnik Cəlil Xəlilov qeyd edib ki, bəzən kimlərsə özünü başqalarından daha məlumatlı şəxs kimi təqdim etməyə çalışır, məhz bu səbəbdən də sahib olduqları informasiyanın mahiyyətini, önəmini dərk etmədən bunu sosial mediada tirajlayırlar: “Bu günədək təcrübə sübut edir ki, media və xüsusilə də sosial mediada yayılması qadağan edilən informasiyaların yer alması bir çox hallarda müəyyən şəxslərin özlərini ətrafdakı adamlara daha informasiyalı şəxs kimi göstərmək istəyi ilə bağlıdır. Yəni bəzi şəxslər belə informasiyaları yaymaqla göstərmək istəyirlər ki, onlar baş verən proseslərdən, onun təfərrüatlarından hər kəsdən daha çox məlumatlıdır və ya onların ciddi mənbələrə çıxışı var. Təəssüflər olsun ki, məhz bu cür yanaşma bəzi hallarda dövlətimizin təhlükəsizliyinə təhdid yaradan informasiyaların yayılmasına səbəb olur. Tövsiyəm ondan ibarətdir ki, hər bir şəxs hansısa məlumatı tirajlamaq istəyərkən öncə atacağı addımın nə dərəcədə qanuni olub-olmadığını, bu addımın dövlətimizin, xalqımızın təhlükəsizliyinə təhdid yaradıb-yaratmayacağını müəyyənləşdirsin. Heç kim unutmasın ki, onun yayacağı hər hansı məlumat dövlətimizin təhlükəsizliyi üçün ciddi təhlükəyə çevrilə, düşmən qüvvələr üçün qiymətli kəşfiyyat məlumatına çevrilə bilər”.
“Bu məsələdə hərbi yönümlü qeyri-hökumət təşkilatları (QHT) da maarifləndirmə baxımından ciddi iş aparmalı, dövlətə dəstək olmalıdır: “Təbii ki, bu məsələdə QHT-lər, xüsusilə də hərbi yönümlü vətəndaş cəmiyyəti institutlarının üzərinə də böyük məsuliyyət düşür. QHT-lərimiz cəmiyyət, xüsusilə də gənclər arasında hüquqi maarifləndirmə haqqında geniş iş aparmalı, yayılması qadağan edilən informasiyaların işıqlandırılmasının hansı fəsadlara səbəb ola biləcəyini ətraflı şəkildə izah etməlidir. Hər kəs anlamalıdır ki, bu dövlət, bu xalq hər birimizin dövləti, hər birimizin xalqıdır və onun təhlükəsizliyinə də hər birimiz cavabdehik”, – deyə sədr müavini vurğulayıb.AZƏRTAC