Cəlil Xəlilov: Prezident İlham Əliyevin müharibə dövründə mediaya verdiyi açıqlamalar bu mübarizədə həlledici rol oynayıbbackend

Dövlətimiz 44 günlük Vətən müharibəsində informasiya cəbhəsində də düşmənə qarşı uğurla mübarizə aparıb.

Bunu müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib.
Qeyd edib ki, məhz jurnalistlərimizin, hərbi-siyasi ekspertlərimizin, diplomatlarımızın media müstəvisində apardığı mübarizə informasiya məkanında erməni təxribatlarının ifşasına imkan verib: “44 günlük Vətən müharibəsində Azərbaycan yalnız ön cəbhədə deyil, bütün müstəvilərdə düşmənə qarşı müvəffəqiyyətlə mübarizə aparıb, erməni yalanlarını, rəsmi İrəvanın informasiya məkanında həyata keçirməyə çalışdığı təxribatları ifşa edib. Bu məsələdə jurnalistlərimiz böyük səy və fədakarlıq göstəriblər. Hərbi-siyasi ekspertlərimiz, diplomatlarımız, müxtəlif qurum və təşkilatlar Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliklərinin dünyaya çatdırılması istiqamətində böyük səy ortaya qoyublar. Lakin bu müstəvidə də ən böyük rolu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oynadı”.
Cəlil Xəlilov bildirib ki, dövlət başçımızın Vətən müharibəsinin gedişində 30-a yaxın xarici media qurumuna verdiyi müsahibələr, erməni yalanlarını faktlarla, konkret arqumentlərlə ifşa etməsi beynəlxalq ictimaiyyətin, dünya xalqlarının əsl həqiqətdən xəbər tutmasını, Azərbaycanın haqq işinə dəstək verməsini təmin edib. Prezident Vətən müharibəsi dövründə mətbuata verdiyi açıqlamalarda sadəcə erməni faşizminin deyil, işğalçı Ermənistana havadarlıq edən, onlara dəstək verən qüvvələri də ifşa edib.
“Dövlətimizin media müstəvisində həyata keçirdiyi mübarizədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də əməyini xüsusi qeyd etmək lazımdır. O, həm müharibə, həm də post-müharibə dönəmində erməni cinayətlərinin ifşasında mühüm rol oynayıb, bu istiqamətdə çox ciddi addımlar atıb. Ermənistan ordusunun raket zərbələrinə məruz qoyduğu şəhərlərə Hikmət Hacıyevin rəhbərliyi ilə edilən səfərlər, xarici diplomatların bu səfərlərə cəlb edilməsi dünya ictimaiyyətinin erməni faşizminin əsl üzünü görməsini təmin etdi”, – deyə C.Xəlilov vurğulayıb.
Sədr müavini jurnalistlərimizin ön və arxa cəbhədəki əməyinə də diqqət çəkib: “Vətən müharibəsində jurnalistlərimiz həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Onlar müharibənin ən qaynar nöqtələrindən reportajlar hazırlayır, vətəndaşların informasiyaya olan ehtiyacını çevik şəkildə qarşılayırdılar. Media nümayəndələri, həmçinin müharibədən sonra da ermənilərin vaxtı ilə işğal altında saxladıqları ərazilərimizdə törətdikləri vəhşiliklərin ifşa edilməsində və vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında həlledici rol oynayıblar. İki jurnalistimiz – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin operatoru Sirac Abışov işğaldan azad edilən ərazilərdə xidməti vəzifələri icra edən zaman mina terroru nəticəsində şəhid olublar. Bütün bu faktlar jurnalistlərimizin müharibə və post-müharibə dövründə öz vəzifələrini necə böyük cəsarət və qəhrəmanlıqla həyata keçirdiyini göstərir”.