“Cəmi 270 günlük buğda ehtiyatımız qalıb, bahalaşma olacaq” – XƏBƏRDARLIQbackend
Rusiyaya tətbiq edilən iqtisadi sanksiyaların ardından şimal qonşumuzun da idxalda məhdudiyyətlər tətbiq etməsi Azərbaycanın ərzaq təhlükəsizliyinə təsirsiz ötüşmür. Ölkəmiz bir sıra ərzaq məhsullarının əhəmiyyətli hissəsini xaricdən alır və bu səbəbdən də yaxın dövr üçün ciddi çətinliklərin yaşanacağı istisna edilmir. 
Maraqlıdır, Azərbaycanda məhsul qıtlığı yarana bilərmi? Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
“Yeni Gündəm” xəbər verir ki, məsələ ilə bağlı Gundem.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli buğda idxalı ilə bağlı problem yaşanacağını və bu istiqamətdə Qazaxıstanla danışıqların aparılacağını deyib:
“Rusiya-Ukrayna müharibəsi səbəbindən dünyada ərzaq infliyasiyası çox sürətlə gedir. Son həftələr ərzində dünya bazarında ərzaqların qiyməti 18-20 faiz bahalaşıb. Bu də bəzi məhsullar üzrə qıtlıq yarada bilər. Rusiya əksər məhsulları ixrac etməklə bağlı məhdudiyyət qoyub. Bütün bu faktorlar qiymətlərin yüksəlməsi ilə nəticələnir. Azərbaycana ən çox təsir edən məqam şimal qonşumuzun buğdanın ixracına qoyduğu qadağadır. Biz hər il Rusiyadan təxminən 70-80 min tona yaxın buğda alırdıq. İndi isə buğdanın ixracı may ayınadək tamamilə qadağan olunub. Bizim həmişə alternativimiz Ukrayna və Qazaxıstan olub, lakin indiki məqamda Ukraynadan da buğda idxalı mümkün olmayacaq. Çox güman ki, Azərbaycan Qazaxıstanla danışıb, buğda almağa çalışacaq. İndiki halda Azərbaycanın 270-280 günlük buğda ehtiyatı var”.
Ekspert bitki yağlarının və bəzi qeyri-ərzaq məhsullarının bahalaşacağını, qıtlıq olacağını proqnozlaşdırır:
“Əsas problemlərdən biri bitki yağı ilə bağlıdır. Rusiya və Ukrayna dünya bazarında bitki yağı ixracında 58 faizlik üstünlüyə malikdir. Odur ki, günəbaxan və qarğıdalı yağının qıtlığı gözləniləndir. Hər iki yağın qiyməti dünya bazarında artacaq və bu, Azərbaycana da təsir edəcək. Qeyri-ərzaq məhsullarının gətirilməsi ilə bağlı isə əsasən, taxta-şalban məhsullarının gətirilməsində problem yaşanacaq. Bu qeyri-ərzaq məhsullarının da qiymətində kəskin artımın olması gözləniləndir”.