Cəmiyyətimiz “20 Yanvar” ətrafında – Qarın qutabı, “Ay vətən oğlu”, ağla, qərənfil, ağlabackend

ətrafında – Qarın qutabı, “Ay vətən oğlu”, ağla, qərənfil, ağla

Kəramət Böyükçöl yazır…

Hərdən fikirləşirəm ki, bəlkə də, cəmiyyətimizin mahiyyətini 20 Yanvar metrostansiyasının həndəvəri qədər ifadə eləyən ikinci bir yer yoxdur. Xəyalən uzaqdan bir kamera qoyuram və yeyib-içməyimizin, tərbiyəmizin, əxlaqımızın, taleyimizin, ümumiyyətlə, hər şeyimizin bu ərazidə necə dəqiqliyi ilə göründüyünü təsəvvür edirəm, elə bil içimdə uzaq rayona gedən mikroavtobus dəhşətli bir qəzaya uğrayır, elə bil içimdə toyuna iki gün qalmış gənc bir oğlan dənizdə boğulub dünyasını dəyişir, elə bil içimdə ər öz evində arvadını başqa kişi ilə tutur, elə bil içimdə zorla nişanlandırılan 17 yaşlı qız intihara əl atır, elə bil içimdə kişi xəyanətkar arvadının başını qırxıb internetdə videosunu paylaşır, elə bil içimdə Almas İldırım “Əsir Azərbaycan” şeirini deyir…

Metrodan çıxan kimi taksi sürücüləri üstünə hücum çəkir, hərəsi bir qolundan, əlindən, ayağından, belindən tutub məcburi şəkildə səni Sumqayıta aparmaq istəyirlər. Sürüclərin üzünə baxırsan, əzablarla savadsızlıq, qayğılar, ehtiyac, yoxsulluqla mütilik – hamısı bir-birinə qarışıb. Ürəyin yanır, pərişan olursan, istəyirən ki, onunla Sumqayıta gedəsən, qayıdasan, bir də gedəsən, qayıdasan. Amma getmək istədiyin yerdəcə o biri sürücü həmkarına elə qibtə və həsədlə baxır, yenə ürəyin yanır. Hərdən də istəyirsən ki, özünü parça-parça eləyib hər tikəni birinə verəsən, üstünə də iki manat qoyasan ki, məni Sumqayıta aparın. O biri tərəfdən rayonlarımızın səsi gəlir. Cəlilabada bir nəfər, İmişliyə 2 nəfər, Saatlıya 3 nəfər, Beyləqan, Biləsuvar, Lənkəran… İlahi, hansının maşınına minəsən, hansı rayona gedəsən ki, bu sürücülərin hamısının könlü xoş olsun, üzləri gülsün, sevinsinlər.

Metrodan çıxan və Sumqayıta getmək istəyən yaşlı ər-arvadın üstündə sürücülərin davası düşdü. Biri dedi, bunlar mənim müştərimdir, o biri dedi, birinci mən görmüşəm, özümündür. Mübahisə yarandı. Ərazidəki sürücülər iki hissəyə bölündü, əməlli-başlı faciə baş verəcəkdi ki, ər-arvad qan düşməyə qoymadı. Dalaşmasınlar deyə hərəsi birinin maşınına mindi. Və ən təsirlisi o idi ki, taksilərin biri Sumqayıta Ceyranbatan, o biri Saray yolu gedirdi, ər-arvad ayrı-ayrı maşında uzaqdan bir-birinə əl eləyirdilər. Bəlkə, yarım saatlıq ömürləri qalmayıb, bəlkə, bir də heç vaxt görüşməyəcəklər.

O biri tərəfdə adamlar növbəyə düzülüb ayaqüstə peraşki yeyirlər. Biri cibindən 40 qəpik çıxardı, iki peraşki alıb çantasına qoydu, tələm-tələsik onu gözləyən sürücünün yoğun səsinin arxasınca düşdü, o biri tərəfdə qutab yeyən kişi ağzı yana-yana saata baxır, işə gecikib-gecikmədiyini dəqiqləşdirir. Ucuz yağ iyi bütün 20 Yanvarı bürüyüb. Peraşki qoxusu, yerdəki siqaret kötükləri, tum qabığı Musa Musayevlə Təranə Qumralın “Xoşbəxt olsun  bəylə gəlin” mahnısına bir az da bəzək vurur. Adam səsindən, maşın siqnalından qulaq tutulur. Amma bu qədər insanın, bu qədər səs-küyün içində hiss edirsən ki, hamı tənhadır, kimsəsizdir. Hamının içi ağrı, həyəcan, narahatlıqla doludur. Sadəcə, ifadə edə bilmirlər.

Saatlı, Sabirabad, İmişli, Şirvan, Beyləqan, Binə bazarı, Sədərək, Musa Musayev, meyxana, aşıqlar, Rəşad Dağlı, Mehman Əhmədli, qarın qutabı, peraşki, körpünün altında pişik balaları, bütün varlığı ilə asfalta yapışmış ana pişik, pilləkəndə dişlənmiş peraşki, beşi bir manata limon, Telli Borçalı, “Ay vətən oğlu”, ağla, qərənfil, ağla…

Xəyalən 20 Yanvar metrostansiyasının həndəvərinə uzaqdan bir kamera qoyuram və yeyib-içməyimizin, tərbiyəmizin, əxalqımızın, taleyimizin, ümumiyyətlə, hər şeyimizin bu ərazidə necə dəqiqliyi ilə göründüyünü təsəvvür edirəm..