“Cəmiyyətin inkişafı yeniliklərin gətirdiyi fərqlilikdən formalaşır” – Elşən Gəncəvi (MÜSAHİBƏ)backend

Elşən Gəncəvi: “Müsbət işlər görmək üçün mübarizə aparmaq lazımdır. Gələcəyə baxışımızın, strateji düşüncəmizin formalaşması üçün özümüzü inkişaf etdirməliyik. İctimai təfəkkürün yeniliklərə açıq olmaması və yeniliklərin çətinliklə qəbul edilməsi bizi fərqli addımlar atmağa təhrik edir.”

İş Adamı, İctimai Xadim Elşən Gəncəvinin “İslahat.az” xəbər portalına müsahibəsini təqdim edirik.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun rəhbəri, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri,”Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) 9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəddir.

Yeni nəsil iş adamı və ictimai xadim kimi öz yolunuzu necə müəyyən etdiniz?

İnsanlara xidmət göstərmək, onların fəaliyyət istiqamətlərində uğurlu nümunələr yaratmaq lazımdır. Doğru yolda addımlayaraq böyük işlərin izində addımlamaq mümkündür. Hər kəsin iş həyatında qorxuları var. “Sıfır” qorxusu. Biz çalışırıq ki, insanlara tövsiyyə edək ki, iş həyatında var olmaq istəyirsənsə sıfırdan qorxmamalısan. Sıfırdan başlamalıyıq və sıfırı görməliyik. Yoxsa öz bilik və bacarıqlarımızı düzgün dəyərləndirə bilməyəcəyik. Güclü olmaq üçün səhvlər və risklər olmalıdır. Perspektivli işlər yaratmaq üçün etdiyimiz səhvlər və risklərdən təcrübə toplayırıq. Öz yolumuzu müəyyən etmək üçün gördüyümüz işə inamımız və sevgimiz olmalıdır. Yəni, sevdiyin işlə məşğul olmalısan ki, yorulmayasan. Motivasiyamız işimizə olan sevgimizdir. Cəmiyyət üçün, faydalı işlər görmək üçün ictimai təşəbbüslərin iştirakçısı olmağa ehtiyac var. Müxtəlif sahələrdə ictimai və sosial ideyaların yanında olmalıyıq ki, insanlar üçün nümunə yarada bilək.

Yeni nəsil və fərqlilik gətirən insanlar üçün hansı əngəllər mövcuddur?

Sən iş görürsən, başqaları müzakirə edir. Mənfi və ya müsbət olaraq sənə qiymət verməyə çalışırlar. Əks fikirlər olmalıdır ki, növbəti işləri təkmilləşdirəsən. Hər zaman nəsillərarası anlaşılmazlıq var. Yeni köhnəni əvəzləyir. Amma köhnənin təcrübəsini öz təcrübəmizə əlavə etməliyik. Müsbət işlər görmək üçün mübarizə aparmaq lazımdır. Gələcəyə baxışımızın, strateji düşüncəmizin formalaşması üçün özümüzü inkişaf etdirməliyik. İctimai təfəkkürün yeniliklərə açıq olmaması və yeniliklərin çətinliklə qəbul edilməsi bizi fərqli addımlar atmağa təhrik edir. Aldığımız təhsil müasir dünyamızın tələblərinə cavab vermirsə, deməli, davamlı öyrənməliyik. Təkcə nəzəri biliklər qazanmaq yox, təcrübəyə əsaslanan biliklər və nümunələri öyrənməliyik.

Həm iş adamı kimi, həm ictimai xadim kimi fəaliyyətinizi necə dəyərləndirirsiniz?

Müstəqil fəaliyyət göstərmək güclü komanda tələb edir. İnsanlar üçün yeni iş yerləri və fəaliyyət növləri yaratmaq isə mənim üçün zövqdür. İnsanlar gördüyümüz işlərin nəticəsini müşahidə edirlər. Nəticəyə qədər bütün proseslər çətindir. Mənim üçün çətin olan 24 saatın işlərimizə yetərli olmamasıdır. Biz komanda olaraq, həm iqtisadi fəaliyyətlər, həm ictimai maarifləndirmə ideyalarını reallaşdırırıq. Komanda olaraq inanırıq ki, həm iqtisadi, həm də ictimai maarifləndirmə layihələri özümüzdən sonrakı nəsil üçün gələcəyə inamı artırmaq missiyasıdır. Gördüyün işi ictimailəşdirməlisən ki, gələcək nəsil nümunələr götürsün, daha güclü işlər görmək üçün biz təcrübə yaratmalıyıq.

Gələcək fəaliyyət planlarınızda hansı yenilikləri etmək niyyətindəsiniz?

Biz istəyirikki, gördüyümüz işlərə daha çox gəncləri cəlb edək. Onların peşəkar olması üçün alternativ fəaliyyətlər yaradaq. Müxtəlif fəaliyyət istiqamətlərində maarifləndirmə, müasir tələblərə cavab verən kadrlar yetişdirmək və komanda formalaşdırmaq niyyətindəyik. Müxtəlif sahənin mütəxəssislərinə stimul verici addımlar ataraq yenilikçi fəaliyyətlərinə meydan vermək niyyətindəyik. Niyyətimizi reallaşdırmaq üçün “PUBLIC AZERBAIJAN” Konsepsiyasını yaratdıq.

“PUBLIC AZERBAIJAN” Konsepsiyası cəmiyyətə hansı mesajları təqdim edir?

“PUBLIC AZERBAIJAN” Konsepsiyası Azərbaycanın ictimai, iqtisadi, mədəni inkişafı yolunda əsas trendləri özündə əks etdirən proqramdır. Biz məqsədimiz odur ki, istənilən sahədə uğur və nümunələri ictimailəşdirək. Cəmiyyətin bütün sahələri bizim üçün vacibdir. Fərqlilik və yenilik gətirən hər bir sahə ictimailəşməlidir. Fərdi və qrup şəklində olan bütün fəaliyyətləri insanlarımızın tərəsizinə təqdim etməliyik. Əsas mesajımız bu fikirlərə əsaslanır ki, gələcək üçün bütün faydalı işləri təbliğ etməliyik və nümunəvi işlərin yanında olmalıyıq.

Azərbaycan cəmiyyəti ictimai və iqtisadi yenilikləri necə qəbul edir?

Qandi belə demişdi: “Əvvəlcə sizə məhəl qoymayacaqlar, sonra sizə güləcəklər, sonra sizinlə mübarizə aparacaqlar və sonda siz qalib gələcəksiniz”.
Cəmiyyətimiz yeniliklərə qorxu və ehtiyyatla yanaşır. Biz düşünürük ki, yeniliklərin iştirakçısı olmalıyıq. İnsanlarımızı da yeniliklərə cəlb etməliyik. Cəmiyyətin inkişafı yeniliklərin gətirdiyi fərqlilikdən formalaşır. Bir məqamı xüsusi vurğulamaq istəyərdim ki, insanlarımız yeniliklərdən həmən töhvə-mənfəət gözləyirlər. İstəyirlər ki, hər şey nəğd olsun. Soğan məsələsi, balıq məsələsi… İnsanlara nəticəni təqdim edəndə, insanlar hər zaman onu hazır istəyirlər. Prosesi göstərmək lazımdır. Nəticənin əziyyətə bağlı olduğunu unutmamalıyıq. Yəni, insanlara balıq vermək yox, balıq tutmağı öyrətməliyik.

Yeniliklər üçün hansı təkliflər yaranmalıdır?

Dünya təcrübələrinin tətbiqindən yararlanmalıyıq. Beyin mərkəzlərinin formalaşması üçün təşəbbüslərə dəstək olmaq lazımdır. Təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin, qeyri-formal təhsil layihələrini inkişaf etdirməliyik. Yeniliklər üçün daha çox biznes inkubatorların, müstəqil innovasiya mərkəzlərinin yaradılması vacibdir.

Azərbaycanda iş adamı və ictimai xadim olmaq istəyən şəxslərə hansı tövsiyyələriniz var?

Bunun üçün özünə inam və motivasiya lazımdır. Ağlamayana “pəpə” yoxdur. Dövr dəyişib artıq. Ağlamaq yox, iş görmək lazımdır. Gənclik daha tələbkar olmalı, potensiallarını düzgün qiymətləndirməli və bütün dəstəklərdən səmərəli istifadə etməlidir. Bu işlərdə insanlar itirməyi bacarmalıdır, xərcləməyi bacarmalıdır, riskə hazır olmalıdır! Həyat davam etdikcə məğlubiyyət – təcrübəyə, qazanc isə bəhrəyə çevrilir. Bunun əsasında isə sevgi durur. Ətrafdakılara sevgi, təbiətə sevgi, gördüyün işə sevgi, bu günə sevgi vacibdir! Sevgisiz məğlubiyyətlər acı, qazanclar isə mənasız olur.

Yenigundem.az