“Cənab Prezidentin səfəri Azərbaycan və Almaniya arasında iqtisadi-siyasi əlaqələrdə yeni səhifə açacaq” – Aydın Hüseynovbackend

Azərbaycan Almaniya münasibətləri zəngin keşmişə və tarixi ənənələrə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanır. Ulu öndər Heydər Əliyev tərəfindən müstəqillik dövründə möhkəm təməli qoyulmuş dövlətlərarası münasibətləri və strateji əməkdaşlıq Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək ən yüksək tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkəmiz Almaniya ilə həm ikitərəfli, həm də Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda əməkdaşlıq edir. Aİ ilə ikitərəfli əməkdaşlıq xəttini prioritet olaraq inkişaf etdirir. Almaniya Avropa regionunda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir, hər iki ölkə beynəlxalq səviyyədə bir-birlərini müdafiə edir, həqiqətləri beynəlxalq tribunadan dünya ictimaiyyətinə çatdırır. Əlaqələrin inkişafında yüksək səviyyəli rəsmi səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti də xüsusi rol oynayır. Prezident İlham Əliyevin bu ölkəyə səfəri Almaniya və Azərbaycan arasındakı dostluq münasibətlərinə yeni təkan verəcək.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Yeni Gundem”-ə Prezident Almaniyaya səfərini şərh edərkən bildirib.

A. Hüseynov bildirib ki, Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşü iki ölkə arasında siyasi dialoqun möhkəmlənməsi, siyasi və iqtisadi sahədə müşahidə olunan müsbət dinamikanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

“44 günlük Vətən müharibəsindən sonra bölgəmizdəki vəziyyət, post-münaqişə dövrü ilə bağlı Azərbaycanın baxışı və regionda sülhün bərqərar olması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar və Almaniyanın regionda yaranmış yeni reallıqlara anlayışla yanaşması da müsbət qiymətləndirilə bilər. Eləcə də Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayır və bu baxımdan Avropanın bir nömrəli iqtisadiyyatına malik olan Almaniya ilə enerji sahəsində də yeni səhifə açılmaqdadır”,-o vurğulayıb.

Millət vəkilinin fikrincə, rəsmi Berlin Azərbaycanı Cənubi Qafqazda vacib iqtisadi tərəfdaş kimi önəmini də xüsusi diqqətdə saxlayır. Ölkələrimiz arasında iqtisadi sahələrdə əməkdaşlığın dinamikası da son illərdə artıb.

“Azərbaycan və Almaniya arasında iqtisadi sahədə 70-dən çox sənəd imzalanıb. Hazırda Azərbaycanda xidmət, ticarət, tikinti, sənaye, bank, sığorta və kənd təsərrüfatı sahələrində 200-dən çox alman investisiyalı şirkət fəaliyyət göstərir. Almaniya tərəfindən son 20 ildə Azərbaycanda əsas kapitala 1 milyard dollara yaxın investisiya yatırılıb. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1,25 milyard dollar təşkil edib. Almaniya Azərbaycanın xarici ticarətində 8-ci yerə yüksəlib. İqtisadi əlaəqlərin inkişafında Alman-Azərbaycan Xarici Ticarət Palatasının da mühüm rolu vardır. Dövlətimizin başçısının Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü yeni iqtisadi imkanlar açır. Bu görüş iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlığa yeni stimullar verəcək, alman şirkətlərinin azad edilmiş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sərmayə layihələrində yaxından iştirakına əlverişli imkanlar açacaq”-,deyə Millət vəkili qeyd etdi.

Fərahim Rəhimov