Cənnətdə qarşılanan 27-ci doğum günübackend

Sənədli hekayə

(Bu yazı Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsi Şəhidi İlkin Şükürovun əziz xatirəsinə ithaf edilir)

Bütün Şəhidlərin bir amalı var – Vətən sağ olsun!

Vətən uğrunda ölümə gedən, “Üçrəngli Bayraq zirvələrdə dalğalansın, təki Vətən sağ olsun” deyən oğulların ömür yolu nə qədər şərəflidir, bunu hamımız bilirik. Ancaq geridə gözüyaşlı qoyduqları (ana, bacı, nişanlı, oğul, qız, ata, nənə, baba) nələr çəkir, o acını çəkənlər daha yaxşı bilir. Biz onları duymağa, hiss etməyə çalışırıq. Onların çəkdiyi acının ağırlığını dərk edəndə insan ruhən çökür. Bəy otağı hazır et, həmin otağa gəlin gətirməmiş oğlunun Bayrağa bükülü tabutu gəlsin. Gəlninin əli isti sudan soyuq suya düşməsin deyə hər şəraitli mətbəx hazırla. Həmin mətbəxdə gəlinin oğluna çay süzməmiş, oğlunun ehsan çayı dəmlənsin. Evi təmir etdir ki, toydan sonra gənclər rahat yaşasın. Həmin evdə vüsala yetişməyən gənclərin ayrılıq havası səslənsin.

Hamı çəkilib gedəndən sonra geridə ata-ana, dörd divar, qaranlıq gecə, tarimar olan arzular, bir də tənhalığa məhkum qalmış qapı-baca qalır. Nə ata, nə də ana bilmir nədən danışsın ki, bir-birinə təsəlli olsun. Yeganə ümid yerləri olan, gözlərinin ağı-qarası oğullarının ayrılığı onlara necə təsəlli verə bilər?!

Aslan dayı ilə, Firuzə xala hey susur. Birdən İlkinin anası Firuzə xala ucadan ağlayır. Elə həsrətlə, elə yanğılı ağlayır ki. Yana-yana səsləyir oğlunu. Deyirsən ki, o yanğının qarşısında Göy yarılacaq, İlkin geri dönəcək. Elə o düşüncədə bir də baxırsan ki, Firuzə xalanın halı dəyişib, dizləri yerə gəlib. Bir ananın oğul harayı daşa dəyib, ürəyinin başına çırpılır. O səhnələrin şahidi olmaq çox çətindir.

Bir yanda da nişanlısının qəbir daşına söykənib bir qız xısın-xısın ağlayır. Sevgisini Vətənə qurban verib hələ də gözü cəbhə yollarından yığılmayan Ləman gecə-gündüz ürəyində İlkin deyib, səslənir.

Tənha gecələri özünə sirdaş seçir. Yuxuma gəl, deyib, yalvarır nakam nişanlısına. İki ilə yaxındır İlkin Şəhid olub. Ləman unutmur, unuda bilmir İlkini. Sevginin bir adı da ümiddir. İlkin Ləmanın ümidlə gözlədiyi sevgisidir.

Ləmanla tez-tez əlaqə saxlayıram. Ancaq ürək edib “sevgindən danış” deyə bilmirəm. Ləmanın sevgisi indi bir kəndə aid deyil. Ləmanın sevgisi indi Vətən boydadır. Necə ki, kasıb komalardan çıxan oğullar Vətən boyda oldular. Elə o oğulların sevgiləri də Vətən boyda oldu. Hüdudsuz.

Bu gün İlkinin 27 yaşı tamam oldu. Cənnətdə qarşıladı İlkin 27-ci ad gününü.

Bir axşam Ləman mənə yazmışdı: İlkinimin ad gününə gələrsiniz? Mən də ona cavab yazdım: Əlbəttə gələrik, əzizim.

Bu gün şair Zaməddingilə getdik. Ləmanın yarım qalmış arzularına təsəlli olmaq üçün getdik. Aslan dayıya, Firuzə xalaya “siz elə bir oğul böyütdünüz ki, o artıq tək sizin yox, bütün Azərbaycanın oğludur”, deyib, İlkinsiz ömürlərinə təsəlli olmaq üçün Ürkməzli kəndinə getdik.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədovun və İctimai Birliyin üzvlərinin adından Şəhid İlkin Şükürovun valideynlərinə, doğmalarına, boynubükük, gözüyaşlı qoyub getdiyi Ləmanına başsağlığı dilədik.

Kasıb komalarda doğulub Vətən boyda olan oğullar ölməz. İlkin ölmədi, ölməzliyə qovuşdu.

Ölməzlik yaşın mübarək, İlkin!

P.S. Şükürov İlkin Aslan oğlu 27 avqust 1995-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan İlkin Şükürov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

İlkin Şükürov oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində torpağa tapşırılıb.

Sonsuz ehtiramla: Səbinə Yusif