Ceyhun Bayramovla Çavuşoğlu telefonla danışdı – YENİLƏNDİbackend

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı olub.

XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov telefon danışığı zamanı, 12 sentyabr tarixində gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan sərhədində Ermənistanın genişmiqyaslı təxribatları barədə Türkiyə tərəfinə ətraflı məlumat verib.

Ermənistanın son bir ay ərzində Azərbaycan mövqelərini atəşə tutması, Azərbaycan ərazilərinin minalanmasının davam etməsi, bölgədə hərbiləşmə prosesini genişləndirdiyi diqqətə çatdırılıb. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın və infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görüldüyü bildirilib.

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu hərbi gərginliyin və təxribatların narahatlıq doğurduğunu, Ermənistanın əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərinin tam yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Telefon danışığı zamanı digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

10:40

“Azərbaycanın xarici işlər naziri qardaşım Ceyhun Bayramovla Azərbaycan-Ermənistan dövlət sərhədində erməni təxribatlarını müzakirə etdik”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.

“Ermənistan dərhal təxribata son qoymalıdır. Onlar Azərbaycanla əldə etdikləri uzlaşma çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər”, – o qeyd edib.