Ceyhun Məmmədov: “Azərbaycan dəfələrlə açıq şəkildə bəyan etmişdi ki…”backend

“Bu gün Azərbaycan xalqı, eyni zamanda, Cəbrayıl camaatı çox böyük sevinc içərisindədir. Uzun müddət bu ərazilərin azad olunmasını gözləyirdik. Artıq şanlı Ordumuz tərəfindən Cəbrayıl rayonunun bir neçə kəndi düşməndən azad edilib. 2016-cı ildə Alı Baş Komandanın rəhbərliyi ilə Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndi düşməndən azad edildi. Məhz o zaman cəbrayıllılar və bütün qarabağlılar böyük sevinc hissi yaşamışdı”.

Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, düşmən əsarətində olan bir neçə kəndimizin işğaldan azad edilməsi bizə yenidən fərəh və qürur hissləri yaşadır: “Xalq-ordu birliyi çox güclüdür. Azərbaycan xalqı səbirsizliklə bütövlükdə Qarabağın azadlıq xəbərini gözləyir”.

Ceyhun Məmmədov bildirib ki, düşmən Ermənistan davamlı olaraq təxribatlar törədir, provakasiyalara əl atırdı: “İşğalçı ölkənin baş naziri Nikol Paşinyan sərsəm bəyanatlar səsləndiməklə işğalı qanuniləşdirmək niyyəti güdürdü. Eyni zamanda qondarma seçki keçirməklə oyuncaq parlamentlərini də Şuşaya köçürmək niyyətlərini reallaşdırmaq istəyirdilər.

Bütün bunların fonunda Azərbaycan uzun illər bu münaqişənin sülh yolu ilə həllinə çalışırdı. İşğalçı dövlət isə hər vəchlə danışıqlar prosesini uzatmaq, status-kvonu qoruyub saxlamaq, zaman qazanmaq üçün açıq dialoqdan yayınırdı”

Millət vəkili qeyd edib ki, Azərbaycan işğalçıya son zərbəni vurmaq üçün həlledici məqamı gözləyib: “Uzun sürən hazırlıqlardan sonra dövlətimiz haqlı mövqeyini daha sərt formada ortaya qoymağa nail oldu. Hazırda ölkəmizdə bütün proseslər tam ciddiyyəti ilə idarə olunur. Cənab Prezident, Ali baş Komandan İlham Əliyev də Azərbaycan xalqına önəmli mesajlar verdi”.

Deputat diqqətə çatdırıb ki, son zamanlar işğalçı Ermənistanın danışıqlar prosesini pozması və Azərbaycana qarşı arzuolunmaz şərtlər irəli sürməsi heç bir ağıllı məntiqə uzlaşmırdı: “Azərbaycan dəfələrlə açıq şəkildə bəyan etmişdi ki, münaqişənin sivil qaydalarla, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli mümkündür. Cənab Prezidentin BMT-dəki son çıxışında da işğaldakı ərazilərimizin BMT-nin qəbul etdiyi qətnamələr əsasında azad edilməsi və beynəlxalq müstəvidə tanınan ərazilərimizin bütövlüyünün təmin edilməsinin vacibliyi vurğulanmışdı”.

Ceyhun Məmmədov bildirib ki, işğalçı Ermənistan hərbi münaqişə vəziyyətində də beynəlxalq hüquq normalarını kobud şəkildə pozur: “Mülki əhaliyə qarşı atəş açır. Sivil insanların həlak olmasına yönələn təxribatlar həyata keçirir. Bu isə beynəlxalq hüquq normalarına zidd olan addımlardır”.

Millət vəkili vurğulayıb ki, düşmənin bu təxribatları layiqincə cavablandırılır: “Ordumuzun daha böyük qələbələrə imza atacağı günü hər birimiz səbirsizliklə gözləyirik”.Teleqraf