Ceyhun Məmmədov: Azərbaycan dövləti hər zaman dini-mənəvi dəyərlərə diqqət və qayğı göstəribbackend
“Azərbaycan dövləti hər zaman dini-mənəvi dəyərlərə diqqət və qayğı göstərib. Ölkədə 2 mindən artıq məscid fəaliyyət göstərir.

Hər il Məhərrəmlik mərasimləri, digər müqəddəs günlərlə bağlı ayinlər və dini bayramlar yüksək səviyyədə qeyd olunur. Amma yaşadığımız qlobal problemlə əlaqədar olaraq bu il məscidlərdə dini ayinlərin icrasına məhdudiyyətlər qoyulub”. Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Ceyhun Məmmədov bildirib ki, Aşura günü ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura bilər: “Kütləvi toplaşma yoluxma ilə bağlı vəziyyətin pisləşməsinə, xüsusi karantin rejimininin uzadılmasına və ya sərtləşdirilməsinə səbəb ola bilər”.
“Ölkəmizdəki hazırkı epidemioloji vəziyyətə uyğun olaraq vətəndaşlardan kütləviliyə yol verilməməsi xahiş olunur. Əks halda ölkəmiz arzuolunmaz nəticələrlə üzləşə, son günlər virusla mübarizədə əldə etdiyimiz müsbət nəticələri bir neçə gündə itirə bilərik. Ona görə də, Məhərrəm ayında da diqqətli olmalı, özümüzü qorumalı, dövlətin və aidiyyəti qurumların tövsiyələrinə və karantin qaydalarına əməl etməliyik. Ümid edirik ki, həmişə müqəddəs dəyərlərə hörmətlə yanaşan, nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini hər zaman yüksək tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində hazırkı çətinliyi də geridə qoyacaq, dini mərasim və tədbirlərini növbəti illərdə davam etdirəcək”, – deyə deputat qeyd edib.