Ceyhun Məmmədov maaşının bir hissəsini koronavirusla mübarizəyə ayıracaqbackend

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputatı Ceyhun Məmmədov maaşının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə saytımıza Ceyhun Məmmədov özü məlumat verib.

Deputat deyib ki, Azərbaycan dövləti koronavirusla mübarizədə ilk gündən adekvat və operativ qərarlar qəbul edib: “Cənab Prezidentin koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 milyon manat vəsait ayırması və bunun ardınca daha bir nümunəvi addım ataraq bir illik əməkhaqqını sözügedən fonda köçürməsi onun bu məsələyə necə həssas yanaşdığının əyani sübutudur. Mən də maaşımın bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürməklə bu prosesə töhfə vermək istəyirəm”.

Ceyhun Məmmədov Azərbaycan dövlətinin əhalinin koronavirus infeksiyasından az zərər görməsi üçün bütün imkanları səfərbər etdiyini vurğulayıb: “Dövlət öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Amma cəmiyyət də səfərbər olmalı, böyük şirkətlər, imkanlı şəxslər pandemiya ilə mübarizəyə öz təhfələrini verməlidirlər”.