“Cinayətkarlığa Qarşı Mübarizə” qəzetinin redaktoru saxlanıldıbackend

Bir neçə gündür axşam saatlarında ölkənin bəzi şəhər və rayonlarında komendant  saatı tətbiq edilir. Bununla əlaqədar polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Bakı şəhəri ilə yanaşı bölgələrdə də postlar qurulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin postlarda xidmətin ayıq-sayıq təşkil edildiyini sübut edən hadisələrdən biri də Ağcabədi rayonunda qeydə alınıb.

Belə ki, Ağcabədi-Beyləqan yolunda Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəbrayıl rayon sakini Zeynullah Əsədovun idarə etdiyi “Naz Lifan” markalı avtomobillə komendant rejimini pozduğu üçün saxlanılıb. Sürücü əvvəlcə polislərə özünü “jurnalist” kimi təqdim edərək “Cinayətkarlığa Qarşı Mübarizə” qəzetinin redaktoru olduğunu bildirib və məsuliyyətdən yayınmağa çalışıb. Amma sürücünün davranışları polislərdə şübhə doğurduğundan onun avtomobilinə baxış keçirilib. Baxış zamanı Zeynullah Əsədovun nəqliyyat vasitəsindən 10 büküm satış üçün nəzərdə tutulan 83 qram narkotik vasitə marixuana və heroin, 2 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi, həmçinin kəsici alətlər polislər tərəfindən aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Zeynullah Əsədovun digər cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.