Çinin xarici işlər naziri Vanq Yi İsrail-Fələstin münaqişəsində mülki itkilərin gündən-günə artdığına diqqət çəkərək, beynəlxalq ictimaiyyəti “vicdan və məsuliyyətə” çağırıb.
“Yeni Gundem” xəbər verir ki, Vanq omanlı həmkarı Bədr bin Həməd əl-Busaidi ilə telefon danışığında “Heç bir vicdanlı və məsuliyyətli ölkə bu faciələrin davam etməsinə icazə verə bilməz” deyib.
Vanq vurğulayıb ki, oktyabrın 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının fövqəladə iclasında böyük səs çoxluğu ilə qəbul edilən və tərəfləri “dərhal humanitar atəşkəsə” çağıran qərar bu məsələdə beynəlxalq ictimaiyyətin güclü səsini əks etdirib.
Fələstin probleminin kökünün fələstinlilərin qanuni milli hüquqlarının tanınmaması və mənafelərinin qorunmaması olduğuna diqqət çəkən Vanq, böhrandan yeganə çıxış yolunun iki dövlətli həllin həyata keçirilməsi olduğunu bildirib.
Vanq problemi iki dövlətli həll yoluna qaytarmaq üçün hərtərəfli, effektiv və səlahiyyətli beynəlxalq sülh konfransının çağırılması çağırışını təkrarlayıb.
Çinin noyabr ayında BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyini xatırladan Vanq, münaqişədə gərginliyin azaldılması, mülki şəxslərin müdafiəsi, humanitar vəziyyəti yaxşılaşdırmaq və bu sahədə güzəştə getmək üçün bütün tərəflərlə, xüsusilə də ərəb ölkələri ilə koordinasiyanı gücləndirəcəklərini qeyd edib.
Oman naziri bin Hamed də Qəzzanın ciddi bir humanitar böhranla üzləşdiyinə və yaxın həftələrdə çoxlu fələstinlinin həyatını itirə biləcəyinə işarə edərək, BMT Təhlükəsizlik Şurasının öz rolunu yerinə yetirməli və daha ciddi humanitar böhranın qarşısının alınmasını təmin etməli olduğuna diqqət çəkib.
Bin Hamed Fələstin məsələsində konstruktiv mövqeyinə və ərəb ölkələrinin rəhbərlik etdiyi BMT qətnaməsinə verdiyi dəstəyə görə Çinə təşəkkür edib və BMT Təhlükəsizlik Şurasının hazırkı sədri kimi Pekinin böhranın həllində mühüm rol oynamasını dəstəklədiklərini vurğulayıb.
Mənbə: TrtHaber
Aynur Camal