“Sentyabr-oktyabr aylarında taxılın və unun qiymətinin artacağı haqda xəbərlər səngimir. Bu da çörəyin qiymətinin artacağı deməkdir”.
“Yeni Gündəm” xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
E.Əmirov bildirib ki, daha iki hadisə böhranı yumşaldan amildir: “Ukrayna taxılının qardaş Türkiyə sayəsində ixraca istiqamətlənməsi və ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşaldıldığını açıqlaması. Rusiyadan gübrə, qida, toxum, dərman və tibbi avadanlıqla bağlı əməliyyatlara qoyulmuş sanksiyaların aradan qaldırılması dünyanı böhran mövzusunda nisbi rahatladan faktorlar olacaq”.
Ekspert məsələnin ikinci istiqamətini isə Azərbaycanla əlaqələndirib: “Azərbaycanın taxıl ehtiyacı 3.6 mln, ümumi idxal asılılığı 40-42%-dir. Amma ərzaqlıq buğdanın 75%-i idxaldan asılıdır. Ötən il 572 min hektardan 1,887 mln ton buğda istehsal etmişik. Arpa isə 374 min ha-dan 1,147 mln ton yığılıb. Göründüyü kimi, ümumi 1 milyon hektara çatmır. Amma bu il 1 mln 9 min hektar əkilib, təxminən, 6:4 nisbətində buğda və arpa əkilib. İşğaldan azad edilmiş ərazilərimizdə 50 min hektarda taxıl əkilib. Minalardan tam təmizlənmə aparılarsa, potensial 200 min hektara bərabərdir”.
O, hökümətin çörəyin qiymətinin artmaması, buğdanın qiymətlərini nəzarətdə saxlaması üçün atdığı addımlara lakonik toxunmağa çalışıb:
“Məlumdur ki, bir müddətdir bir sıra addımlar atılmaqdadır. Əkilmiş hər hektar taxıl əkin sahəsi üçün fermerlərə subsidiya verilir. Bu il bu subsidiya məbləği artırılaraq hər hektar 210 manat müəyyən edilib. 2023-ci ildən başlayaraq yeni subsidiya növü müəyyənləşdirilib. Bu məhsul subsidiyasıdır. Belə ki, əgər indiyə qədər verilən subsidiyalar əkin sahələrinin becərilməsi üçün nəzərdə tutulmuşdusa, ikinci subsidiya ərzaqlıq buğda istehsalından əldə edilən məhsula görə veriləcək. Həmin subsidiya 1 ton üçün 100 manat məbləğində hesablanacaq. Bu məsələ cənab Prezidentin ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə qəbul etdiyi “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tələblərlə müəyyən edilmişdir. Amma bu ilkin mərhələdə pilot layihə olaraq Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya aid edilir. Gələn ildən başlayacaq bu məhsul subsidiyasının 5 il verilməsi verilməsi nəzərdə tutulur”.
Ekspert qeyd edib ki, Dövlət Ehtiyatlar Agentliyi hər il qiymət artımlarına uyğun olaraq, fermerlərdən aldığı buğdanın qiymətini qaldırır, yəni baha qiymətə alır: “2019-cu ildə 300 manata, 2020-ci ildə 380 manata, 2021-ci ildə 500 manata alırdısa, bu il bir ton buğda üçün fermerlərə 580 manat ödəyəcəyi bildirilib. Bu da ötən illə müqayisədə 16%-lik artım deməkdir. Beliklə, Azərbaycanda son istehlak məhsulu olan çörəyin qiymətinin qalxmaması üçün bir sıra tədbirlər görülüb və görülməkdədir. Yuxarıda qeyd etdiyim mövcud duruma və gözləntilərə əsasən qarşıdakı aylarda çörəyin qiymətinin qalxması ilə yayılan xəbərləri ciddi hesab etmirəm. Amma onu da mütləq qeyd etmək lazımdır ki, bu tədbirlər daim dəyişən və vaxtaşırı yeni təhdidlər doğan dünyada tam təhlükəsizliyinə nail olmaq üçün yetərli deyil. Yəni gələcəkdə daha sərt təhdidlərdən ölkənin ərzaq təhkükəsizliyini sığortalamaq gücündə deyil. Buna görə də ölkə başçısı da vaxtaşırı bu məsələdə hələ görülməli işlərin çox olduğunu, ən əsas da idxaldan asılılığın ciddi azaldılmalı olduğunu vurğulayır. Bəs, biz, doğrudan da, buğda idxalından asılılığımızı azalda bilərikmi? Əgər azalda biləriksə, bunun yolları nədir? Əsas sual məhz budur…”