Daha 3 qazi yüksək texnologiyalı protezlərlə təmin edildibackend

Vətən müharibəsində yaralanmış daha üç qazimiz – Ziya Ağami oğlu Kazımov, Rəşad Amin oğlu Əliyev və Kənan Nadir oğlu Musayev yüksək texnologiyalı protezlərlə təmin edilib.

“Yeni Gündəm” xəbər verir ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazilərə protezlər təqdim olunub.

Agentliyin sədri Cavid Əbdül-Qədirov həmin qazilərlə görüşüb. O, Prezident İlham Əliyevin müharibə iştirakçılarına xüsusi qayğısından bəhs edib, bu qayğının daha bir təzahürü kimi, dövlət başçısının müvafiq Sərəncamı ilə Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulduğunu deyib. Bildirib ki, ötən ilin dekabr ayından müasir protezlərlə təminat həyata keçirilir və artıq 10 qazimiz 11 müasir protezlə təmin olunub.

Görüşdə müasir protezlərin üstünlükləri təqdim edilib. Qeyd edilib ki, dünyanın məhşur protez istehsalçılarından olan “OTTO BOKK” şirkəti (Almaniya) ilə əməkdaşlıq şəraitində yaradılan sexdə “Genium” sistemi üzrə protezlər hazırlanır. Bu protezlər yüksək aktivlik və funksionallıq dərəcəsi olmaqla, elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz və inamlı, rahat hərəkətə imkan verir.

Qazilər yüksək texnologiyalı protezlərə görə Ali Baş Komandana təşəkkür ediblər.