Fuad Həsənovun xatirəsinə
Fuadla sentyabrdan üzü bu yana tez-tez görüşərdik. 9 nömrəli məktəbin qarşısında. Uşaqlarımız bir sinifdə təhsil alır. Oğlu Həsən – evin sonbeşiyi mənim sonbeşiyimlə – Nilufərimlə sinif yoldaşıdır. Amma bizi uşaqlarımız yox, peşəmiz tanış edib. Fuadla bir birimizi 1998-ci ildən tanıyırıq. “Hürriyyət” qəzetindən. Fuad bu qəzetin kürəkəni sayılırdı. Hamımızın çox istədiyi Sona xanım vardı “Hürriyyət”də, canımız ciyərimizdi. Fuad Sona xanımın qardaşı qızı Marinaya aşiq idi. İndi mənim qızımın sinif yoldaşı olan Həsən də bu izdivacın bəhrəsidir.
İllər sonra Fuadla bir də ANS-də qarşılaşdıq. Amma son vaxtlar ən çox qarşılaşdığımız yer dediyim kimi məktəbin qarşısıydı. Komaya düşən həftənin əvvəli idi. Yenə də Fuadla məktəbdə qarşılaşdıq. Hal-əhval tutduq, bir az dərdləşdik. Uşaqların nadincliyindən danışdıq, öz dövrümüzün uşaqları ilə müqayisələr apardıq. Elə bu vaxt uşaqlar da məktəbdən çıxdı. Və adəti üzrə müəllim uşaqların davranışı haqda valideynlərə iradlarını bildirdi. Bu dəfə hədəfdə Həsən idi.
Fuad Həsənin küncə qoyulduğunu küncə qoyulmuş biri kimi dinlədi. Narahat, qanıqara, dilxor. Cəmi 20 dəqiqə əvvəl də məktəbin tarix müəllimi məni saxlamış, 10-ci sinifdə oxuyan oğlumdan şikayət etmişdi. Dərsdə şuluqluq salır, hazırlıqlı gəlmir və s. Görəndə ki, Fuad tutuldu, təsəlli olsun deyə müəllimin səhərki giley-güzarını danışdım ona. Dedim sənin uşağın birinci sinifdədir, hələ anlamır, mənimki 10-cu sinifdədir hər gün şikayət eşidirəm. Məktəbin qarşısından gülə-gülə ayrıldıq. Nə biləydim ki, üç-dörd gün sonra Fuadın komaya düşməsi xəbərinə bəs deyincəyə qədər ağlayacam. Çünki komaya düşməyin nə demək olduğunu atamın təcrübəsindən bilirəm. 4 il əvvəl eynən Fuad kimi onun da beyninə qan sızmış, 7 gün sonra dünya ilə sağollaşmışdı. Amma yenə də ürəyimin ən dərin guşələrində ümidliydim ki, Fuad kəfəni yırtacaq, çünki, həkimlər belə situasiyalarda yaş faktorunu əsas götürürlər.
Fuad cavan idi, enerjili idi, həyat doluydu. Onun xəstəliklə mübarizə aparacağına, qalib gələcəyinə o qədər özümü inandırmışdım ki. Amma yaxınları görünür ümidsiz imişlər. Bunu bir həftə əvvəl qızımın dilindən eşitdiyim bir söhbətdən anladım. Dedi ki, ana, Həsən deyir ki, daha mənim atam olmayacaq. 6 yaşlı uşağı buna hazırlamaq üçün nə əziyyətlər çəkmisən, canım Marina? Hələ əziyyətlərin bundan sonra başlayır bacım mənim. Dörd uşağı baş-göz eləməyə bir qadının gücü çatarmı, İlahi?
İndi bu yazını yazanda “1 D“ sinfinin qrup yazışmalarına baxıram. Bu qrupda heç kim Fuadı mənim kimi tanımır. Fuad onlar üçün sadəcə balaca Həsənin atasıdır. Mənim üçün köhnə dost, gözəl İnsan, əla jurnalist. Ən əsası layiqli VƏTƏNDAŞ və ŞƏXSİYYƏT. Onun ölümü Natiq Qədimovun 40 mərasiminə düşdü.
Qırx gündə iki jurnalisti itirmək çətin məsələdir. 40 gündə iki dostu itirmək lap çətin məsələdir. 40 gündə iki gözəl vətəndaşı itirmək ondan da çətin məsələdir.
Birinin 41, digərinin 43 yaşı vardı. Sıralarımız günü-gündən seyrəlir. Növbə kimindir görəsən? Mənim, sənin, onun, kimin????
P.S. Yazının əvvəlində “Hürriyyət”dəki Sona xanımı xatırlatmışdım. Ailə qurmamışdı, sözün əsl mənasında mələk kimi bir xanım idi. Son vaxtlar onunla “Elmlər Akademiyası”nda qarşılaşırdım. Günlərin bir günü Sona xanım yoxa çıxdı. Onun ölüm xəbərini də mənə Fuad dedi. Marinanı – Fuadın həyat yoldaşını Sona xanım böyütmüşdü, onu qızı kimi sevirdi. İndi qızının həyat yoldaşı – sevimli kürəkəni gedir yanına. Görəsən onu necə qarşılayacaq Sona xanım? Bu gedişdən məmnun qalacaqmı? Ümumiyyətlə, ruhlar sevinirmi doğmaları ilə görüşəndə? Cavabını onlar bilir əlbəttə. Bir gün bizi tərk edib gedən dostlar. Yerin cənnət olsun Fuad Həsənov.
Ləman Ələşrəfqızı
Əməkdar jurnalist