Danışıqlara davam, Türkiyənin iştirakına “yox” cavabı – Lavrovla görüşün pərdəarxasıbackend

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra Rusiyanın Azərbaycanla Ermənistanın baş diplomatlarının görüşünü hazırladığı xəbəri yayılıb.

Moskvada C.Bayramovla görüşdən sonra Lavrovun Ermənistan XİN başçısı Mnatsakanyanla telefonla danışması belə düşünməyə əsas verir. Gələn ay ATƏT-in Minsk Qrupunun  həmsədrləri də bölgəyə gəlir və Tovuz hadisələrindən sonra yenidən danışıqlar masası qurulur. Bu proses yenidən əvvələ qayıtmaqdır, yoxsa yeni nələrsə ola bilər? Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan mənasız danışıqlarda bir müddət iştirak etməməlidir. Çünki Moskva və İrəvan həmişə olduğu kimi bizi mənasız və faydasız danışıqlara sürükləmək istəyirlər: “2016-cı ilin aprelində də eyni hadisə baş verdi. Savaşın 4-cü günündə Moskva Bakıya təzyiq etdi ki, atəşkəs elan olunsun. Bundan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gəldi və danışıqlarda real nəticə əldə olunacağına dair vəd verdi. Hətta o zaman qəsdən bizi sakitləşdirmək məqsədilə ortaya ”Lavrov planı” deyilən ideya atdılar. Halbuki, mən elə o zaman belə bir planın olmadığını vurğulayır, bunun Lavrovun baş qatmaq siyasəti olduğunu deyirdim. Belə də oldu. İndi yenə bizi mənasız danışıqlarla sakitləşdirmək istəyirlər. Xarici işlər naziri Ceyhun Bayramov bu oyunda iştirak etməməlidir, çünki özü də Moskvada dedi ki, danışıqlar konstruktiv olmadıqda nəticə vermir. Belə olan halda niyə yenidən mənasız danışıqlara qatılmalıyıq? Bu yalnız işğalçının maraqlarına xidmət edir.

Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirdiyi ortaq mətbuat konfransında dedi ki, həmsədrlərlə bağlı danışıqların tərkibinin dəyişdirilməsini qəbuledilməz sayır və bunu açıq bəyan edir. Lavrovun mesajı Bakıya və Ankaraya idi. Çünki həm Bakı, həm də Ankara Minsk Qrupu həmsədrlərinin hazırkı formatının münaqişəni həll etmədiyi düşüncəsindədir. Prezidentin köməkçisi Hikmət Hacıyev sərhəddəki son insidentdən sonra Minsk Qrupu üzvlərinin toplanması gərəkliyini bildirmişdi. Minsk Qrupunun 11 üzvü var. Azərbaycan Türkiyəni həmsədrlər sırasında görmək istəyir. Lavrov isə “yox” deməklə bütün bu təşəbbüslərin üstündən xətt çəkərək, belə bir hədələyici cümlə də işlədib: “Təəssüf ki, biz danışıqların formatını dəyişdirmək istəyən cəhdlər görürük, bu, qəbuledilməzdir”.

Lavrovun bu hədələyici açıqlmasına Ceyhun Bayramovun necə reaksiya verdiyi barədə məlumatım yoxdur. Halbuki Ceyhun Bayramov Bakıda yüksək səviyyədə səsləndirilən fikirləri Lavrovla birgə keçirilən mətbuat konfransında da təkrarlamalıydı. Yəni  birincisi, deməliydi ki, hazırkı format bizi qane etmir, ikincisi, rəsmi Bakı Minsk Qrupu üzvlərinin toplanmasını və danışıqlar formatının dəyişdirilməsi imkanlarının müzakirəsini istəyir.

Maraqlıdır ki, Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşür, strateji tərəfdaşlıqdan danışır, sonra da erməni həmkarı Zöhrab Mnatsakanyana zəng edir və regional vəziyyəti müzakirə edir. Bu nə tələskənlikdir? Görünür, Lavrov bununla mesaj verir ki, Azərbaycanla iqtisadi və regional layihələr çərçivəsindəki “strateji tərəfdaşlıq” öz yerində, ancaq Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın maraqlarının əleyhinə addım atılmayacaq”.

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyada Qarabağla bağlı Sergey Lavrovla apardığı danışıqlar və danışıqların hansı istiqamətdə gedəcəyi, Rusiyanın təklifləri nədir, bu haqda ictimaiyyətə açıq məlumat verməlidir. Yalnız bundan sonra qoyulan suallara dəqiq cavab vermək mümkündür: “Yoxsa danışıqlar, yenidən Minsk Qrupu çərçivəsində əvvəlki kimi davam edəcək? Sergey Lavrov danışıqların davam edəcəyi mesajını verdi. Bu danışıqlar da əvvəlki kimi status-kvonu qoruyacaq? Bax bu suallara ancaq yeni nazirin açıqlamasından sonra cavab tapılacaq. Sergey Lavrovla  aparılan Qarabağ danışıqlarının  detalları ictimaiyyətə açıqlanmalıdır. İndiyə qədər bir neçə dəfə Prezident İlham Əliyev danışıqların imitasiyasına getməyəcəklərini xüsusi olaraq qeyd edib. Hörmətli Ceyhun Bayramov Moskvada mətbuat konfransında Rusiyanin münaqişənin həllinə dəstək verəcəyinə ümid etdiyini vurğuladı. Mən isə hesab edirəm ki, artıq Rusiyaya ümid etməkdən keçib. Azərbaycanın Türkiyə ilə birgə siyasi-hərbi koordinasiyası qurulmalı, Ankara-Bakı hərbi platformasına qarşı Moskvanın demarşının qarşısı alınmalıdır”.

Hərbi ekspert Üzeyir Cəfərov isə bildirdi ki, faktiki olaraq Rusiya hər vəchlə Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə qarşı çıxış edir və bu illər ərzində rəsmi Moskvanın mövqeyi dəyişmir. Nazirlər arasında keçirilən görüş bunu bir daha nümayiş etdirdi. Moskva imitasion danışıqları yenidən bərpa etməyə çalışırlar. Rusiyanın məqsədi mənasız danışıqlar prosesini daha da uzatmaq, bizim nəsil dünyasını dəyişəndən sonra Qarabağda növbəti erməni dövlətini elan etməkdir. Azərbaycan XİN rəhbərini qəbul edən Lavrovun üstündən heç 5 dəqiqə  keçməmiş danışıqların məğzi və mənası haqqında dərhal öz qanından olan erməni həmkarı Zöhrab Mnatsakanyana, bəlkə də, hələ bilmək olmaz, Paşinyanın özünə ətraflı məlumat verməsi çox dərin mətləblərdən xəbər verir. Bunlar hələ Qarabağla bağlı məkrli oyunlarını davam etdirmək istəyirlər. Azərbaycan həm Rusiyaya, həm Amerikaya, həm də ermənipərəst Fransaya vaxt verməlidir ki, onlar mövqelərini qətiləşdirsinlər. Əks halda, biz çox ağır bir vəziyyətlə üz-üzə qalacağıq”.