DATÜB BAKIDA ŞƏHİD VƏ QAZİ AİLƏLƏRİ ÜÇÜN İFTAR SÜFRƏSİ AÇDI – FOTObackend
Millət vəkili Əziz Ələkbərli tədbirdə iştirak və çıxış etdi.
23 aprel 2022-ci il tarixində Dünya Ahıska Türkləri Birliyi (DATÜB) və Azərbaycanda yaşayan Axıska Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) təşkilatçılığı ilə Bakı şəhərində iftar süfrəsi açıldı.
İftar süfrəsinə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Yurtdışı Türklər və Qohum Topluluqlar Başqanlığının Başqan yardımçısı Sait Yusuf, DATÜB sədri Ziyəddin Kassanov, AK Parti İstanbul millət vəkili və Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Əziz Ələkbərli, Azərbaycanda yaşayan Axıska Türkləri “Vətən” İctimai Birliyinin sədri Xalid Xəlilov, DATÜB Baş katibi Fuat Uçar, “Ahıska” qəzeti və “Türk Birliyi” jurnalının baş redaktoru Rövşən Məmmədoğlu, filologiya elmləri doktoru, professor Asif Hacılı, media və QHT nümayəndələri, şəhid ailələri, qazilər, 14 noyabr 1944-cü il Axıska sürgününün canlı şahidləri, Azərbaycanın müxtəlif rayonlarında yaşayan Axıska türkləri və b. iştirak edib.
Quranı-Kərimin oxunması ilə başlayan iftar süfrəsində Dünya Axıska Türkləri Birliyinin fəaliyyətindən bəhs olunan təqdimat filmi izlənilib.
Tədbirdə çıxış edən millət vəkili Əziz Ələkbərli parlamentdə təmsil etdiyi Saatlı rayonundan tədbirə qatılan Axıska türklərini və bütün tədbir iştirakçılarını salamlayaraq mübarək bir gündə bir araya gəlmənin sevincini yaşadıqlarını bildirdi. 44 günlük Vətən Müharibəsi ilə 30 il işğal altında qalan torpaqların azad olunduğunu, bu zəfərlə sadəcə torpaqların deyil, millətimizin şərəf və qürurunun da qaytarıldığını söyləyən Əziz Ələkbərli Türkiyə dövlətinin bu müharibədə mənəvi və siyasi dəstəyi ilə daim Azərbaycanın yanında olduğunu diqqətə çatdırdı.
Axıskalı türklərlə bağlarının sadəcə Saatlıdan millət vəkili seçilməsi zamanı deyil, daha öncədən – 1989-cu ildə Fərqanə hadisələri zamanından olduğunu, Fərqanə hadisələrindən az sonra Orta Asiyaya ezamiyyətə göndərildiyini, bu hadisələrlə bağlı gerçəkləri Azərbaycan ictimaiyyətinə ilk çatdıranlardan olduğunu söylədi.
Millət vəkili Əziz Ələkbərli özünün də Axıska türkləri ilə eyni taleyi yaşayanlardan biri olduğunu, 1988-ci ildə ailələrinin Qərbi Azərbaycandan – İrəvan torpağından ermənilər tərəfindən qovulğunu bildirdi. Millət vəkili 44 günlük Vətən Müharibəsi nəticəsində artıq Türk dünyasına açılan yolun təməlinin atıldığını, Azərbaycan və qardaş Türkiyənin birgə səyi ilə bölgəyə sülh və əmin-amanlığın gələcəyinə heç bir şübhə olmadığını söylədi.
Sonda tədbir iştirakçıları xatirə şəkillər çəkdiriblər.